Rəsmi xronika

Prezident İlham Əliyev Sumqayıt şəhərində səfərdə olub

15-12-2017 | 18:06        

  

Bu gün Prezident İlham Əliyev Sumqayıt şəhərində olub. Dövlət başçısı Sumqayıt Kimya Sənaye parkındakı bir sıra müəssisələrin açılışında və təməlqoyma mərasimdə iştirak edib. Prezident İlham Əliyev şəhərdə bir sıra sosial-mədəni obyektlərdə yaradılan şəraitlə tanış olub.

Prezident İlham Əliyev dekabrın 15-də  Sumqayıt şəhərinə gəldi. Dövlət başçısı ümummilli lider Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etdi. Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov Prezident İlham Əliyevə abidənin yerləşdiyi Heydər Əliyev parkında və ümumiyyətlə, şəhərdə görülən işlər barədə ətraflı məlumat verdi. Sonra Prezident İlham Əliyev Sumqayıt Kimya Sənaye Parkının ərazisinə gəldi. İqtisadiyyat naziri Şahin Mustafayev dövlət başçısına görülən işlərlə bağlı məlumat verdi. Bildirdi ki, burada müxtəlif təyinatlı 15 rezident fəaliyyət göstərəcək. Onlar 7 il müddətinə mənfəət, əmlak və torpaq vergilərindən, eləcə də parka istehsal məqsədilə gətirilən texnika, texnoloji avadanlıqlar və qurğulara görə əlavə dəyər vergisindən və gömrük rüsumundan azad olunublar.

Qeyd edək ki, parkın ərazisində “AzerFloat” QSC-nin illik istehsal gücü 8 milyon kvadratmetr olan termoformasiya metodu ilə şüşə istehsalı zavodu yaradılacaq. Məhsulların yüksək keyfiyyətli və rəqabətqabiliyyətli olmasına  xüsusi diqqət veriləcək. Müəssisənin istifadəyə verilməsi ilə Azərbaycanın bu sahədə ixrac potensialı da güclənəcək, burada 180 nəfər işlə təmin olunacaq. Sənaye parkında “Azərxalça” ASC-nin Yunəyrici-boyaq fabrikinin də tikintisinə başlanır. Müəssisədə ildə 370 ton iplik və 195 ton təmiz yunun istehsal olunması nəzərdə tutulur. Burada əhalidən alınan xam yun emal ediləcək, daha sonra onlardan ipliklər və təmiz yun əldə olunacaq. Fabrikdə həmçinin boya prosesi də həyata keçiriləcək.

Sonra Prezident İlham Əliyev Sənaye Parkında Gilan Sənaye Qrupuna daxil olan “Aqrokimya Azərbaycan” MMC-nin Pestisidlər istehsalı zavodunun birinci mərhələsinin açılışında iştirak etdi. Bu müəssisə aqrar sektorun pestisidlərə olan tələbatını yüksək səviyyədə təmin edəcək, idxaldan asılılığı azaldacaq, ixrac imkanlarını artıracaq. İstehsal kompleksi 5 istehsal, 4 qablaşdırma, 5 məhsul və xammal saxlama bölmələrindən ibarətdir. Hazırda illik istehsal gücü 10 min ton olan müəssisənin gücü gələcəkdə 20 min tona çatdırılacaq, burada 145 çeşiddə pestisid istehsal ediləcək. Bu müəssisənin yaradılmasına İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 9,5 milyon manat güzəştli kredit verilib. Prezident İlham Əliyev müəssisəni işə saldı. Dövlət başçısına zavodda istehsal olunan hazır məhsulların nümunələri tədim olundu, bu məhsulların kənd təsərrüfatı və digər sahələrdə istifadəsi, eləcə də zavodun istehsal bölmələrinin fəaliyyət barədə ətraflı məlumat verildi. Prezident İlham Əliyev Sənaye Parkının rezidenti - “STDC” Məhdud Məsuliyyətli Cəmiyyətinin layihəsi olan Məlumatların emalı, qeydə alınması və ötürülməsi mərkəzinin - Data Mərkəzin açılışında iştirak etdi. “Azərenerji” ASC-nin prezidenti Etibar Pirverdiyev bildirdi ki, Data Mərkəzin yaradılmasında məqsəd İKT sahəsində istehsalyönümlü fəaliyyətin stimullaşdırılması, bu sahədə innovasiyaların tətbiqi, eləcə də tətbiqi elmi tədqiqat işlərinin genişləndirilməsi, ixracyönümlü layihələrin icrası və bu sahəyə xarici investisiyalar cəlb etməkdir. Bu cür mərkəzin açılması ölkəmizdə yüksək texnologiyaların tətbiqinə, informasiya texnologiyalarının inkişaf etdirilməsinə, yerli yüksək ixtisaslı mütəxəssislərin yetişdirilməsinə və informasiya təhlükəsizliyinin təmin edilməsinə xidmət edəcək. Layihə çərçivəsində gələcəkdə Azərbaycandakı müxtəlif mərkəzlərdə yüksək məhsuldarlıqlı hesablama mərkəzlərinin yaradılması planlaşdırılır. Data Mərkəz işə düşdükdən sonra Azərbaycan iqtisadiyyatının müxtəlif sahələri üzrə blokçeyn texnologiyalarının tətbiqi və inkişafı əhəmiyyətli dərəcədə artacaq. Sonra Prezident İlham Əliyev Sumqayıt şəhər ictimaiyyətinin nümayəndələri ilə görüşdü. Dövlət başçısı Sumqayıt Kimya Sənaye Parkında yeni müəssisələrin açılmasının, bir sıra müəssisələrin isə təməlinin qoyulmasının əhəmiyyətindən danışdı, bunun ölkədə sənaye sahəsində aparılan siyasətin təzahürü olduğunu dedi. “Bu, dövlət-özəl sektor tərəfdaşlığının gözəl nəticəsidir” deyən Prezident İlham Əliyev bildirdi ki, minlərlə insanın işlə təmin olunmasında Sumqayıt Kimya Sənaye Parkının mühüm rolu var və burada yaradılan müəssisələr gələcəkdə ölkəmizin idxaldan asılılığını azaldacaq. Bu gün Azərbaycanda sənaye məhəllərinin yaradılması geniş vüsət alıb. Artıq xalçaçılığın inkişafı ilə bağlı tədbirlərin görüldüyünü, 10 xalça fabrikinin açıldığını, eyni zamanda, siqaret fabrikinin təməlinin qoyulduğunu, kənd təsərrüfatının inkişafında xüsusi əhəmiyyəti olan pestisid zavodunun tikintisinin artıq həllini tapdığını deyən dövlət başçısı bunun daxili istehsalın xarici istehsalla əvəzləməsinə geniş imkanlar yaratdığını diqqətə çatdırdı. Bundan əlavə, ən müasir texnologiyalarına əsaslanan Data Mərkəzinin açılmasını Azərbaycanın dünyada gedən mütərəqqi proseslərə uyğun şəkildə inkişaf etdirməyə xidmət etdiyini deyən Prezident İlham Əliyev çıxışında son illərdə Sumqayıtın inkişafı ilə bağlı görülən işlərdən danışdı, bu şəhərin dünya miqyasında böyük sənaye mərkəzlərindən birinə çevrildiyini vurğuladı. Sonda dövlət başçısı qarşıdan gələn yeni il və dünya azərbaycanlılarının həmrəylik günü münasibətilə təbiriklərini çatdırdı. Şəhər ictimaiyyəti adından çıxış edən Şəhla Abdullayeva və Zaur Qasımov Sumqayıtın inkişafı ilə bağlı görülən işlərə görə Prezident İlham Əliyevə minnətdarlıq etdilər. Sonda xatirə şəkli çəkdirildi.

Dövlət başçısı Sumqayıta səfəri çərçivəsində Bayraq Muzeyinin açılışında da iştirak etdi. 3 mərtəbəli binada  2 sərgi zalı, inzibati və yardımçı otaqlar yaradalıb. Muzeyin sərgi zallarında ümumilikdə 6 bölmə fəaliyyət göstərir. Burada Azərbaycan tarixinin bütün dövrlərini əks etdirən eksponatlar və sənədlər nümayiş etdirilir. Onu da deyək ki, muzey Dənizkənarı Bulvarın ərazisində yerləşir. Bulvarın sahilində gəmilərin yanalması üçün 800 metrlik körpü inşa olunub, estekada salınıb.

Prezident İlham Əliyev Sumqayıtda Yeni Azərbaycan Partiyasının şəhər təşkilatının inzibati binasının açılışında da iştirak etdi. 3 mərtəbəli binada partiya üzvlərinin səmərəli fəaliyyəti üçün hər cür  şərait var. 300 nəfərlik iclas zalında Yeni Azərbaycan Partiyasının fəaliyyəti ilə bağlı müxtəlif tədbirlərin yüksək səviyyədə keçirilməsi mümkündür. Onu da deyək ki, respublikanın hər yerində olduğu kimi, Sumqayıtda da YAP üzvləri fəallıq göstərir, şəhərin ictimai-siyasi həyatında aktiv iştirak edir, sosial-iqtisadi inkişafa töhfə verirlər. Hazırda Yeni Azərbaycan Partiyasının Sumqayıt şəhər təşkilatının 26  min 150 nəfər üzvü var.

Sonra dövlət başçısı “Azərkimya” İstehsalat Birliyinin “Kimyaçı” Mədəniyyət Sarayında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin Müşahidə şurasının sədri Muxtar Babayev bildirdi ki, sarayın yenidən qurulması istiqamətində işlər yüksək keyfiyyət və müasir dizaynla yerinə yetirilib. Üç mərtəbəli, ümumi sahəsi 6900 kvadratmetr olan bina müasirliyi ilə seçilir. Saraydakı 750 yerlik konsert  zalı ən yüksək səviyyədə qurulub. Zalın qurulmasında müasir akustik sistemlərdən istifadə olunub. 270 kvadratmetr sahəsi olan rəqs zalı,  kafe və dərnək otaqları da mədəniyyət sevərlərin ixtiyarına verilib. Burada dərnəklər fəaliyyətə başlayıb. Dövlət başçısı Mədəniyyət sarayındakı Xalça Qobelenə baxdı. Müəllifi Xalidə Seyidova olan bu xalçanın üzərində Azərbaycanın görkəmli tarixi şəxsiyylətlərinin və mədəniyyət  xadimlərinin portretləri, Qobustan qayaüstü təsvirləri, xalça naxışları yer alıb. Mədəniyyət sarayının qarşısındakı 5 hektarlıq meydanda da geniş abadlıq-quruculuq və yaşıllaşdırma işləri aparılıb, fəvvarə quraşdırılıb, 100 avtomobil yerlik dayanacaq yaradılıb.

Dövlət başçısının daha sonra Lüdviqshafen parkında əsaslı təmirdən sonra yaradılan şəraitlə tanış oldu. Bu istirahət məkanı Sumqayıt şəhəri ilə qardaşlaşan Almaniyanın Lüdviqshafen şəhərinin şərəfinə, 1997-ci ildə Sumqayıt-Lüdviqshafen əlaqələrinin 20 illiyi münasibəti ilə salınıb. Ümumi ərazisi 2 hektar olan bu parkda sakinlərin istirahəti üçün geniş imkanlar yaradılıb. Yenidənqurma işləri zamanı yaşıllıq zollaqları salınıb.

Sonra “Baku Steel Company” MMC-nin Boruyayma zavodunun  yenidənqurmadan sonra açılışı oldu. “Baku Steel Company” MMC-nin  Müşahidə Şurasının sədri Rasim Məmmədov bildirdi ki, 1947-ci ildə yaradılan müəssisədə istehsal olunan qazma, qoruyucu, nasos-kompressor, neft-qaz boruları, həmçinin ümumi təyinatlı borular neft və maşınqayırma sənayesində geniş istifadə edilib. Yenidənqurmadan sonra zavodun illik istehsal gücü 90 min tondan 200 min tona çatdırılıb, burada müasir avadanlıq quraşdırılıb. Müəssisədə 531 nəfər daimi işlə təmin edilib ki, onların da orta aylıq əmək 1500 manatdır. Müəssisənin mərkəzi sınaq laboratoriyası müasir avadanlıqla təchiz olunub. Burada istehsal olunan borular daxili bazarda satılmaqla yanaşı, xarici ölkələrə də ixrac ediləcək.