Mədəniyyət

Sabirabad rayonunda“Tvinninq”layihəsinin müzakirəsi olub

15-12-2017 | 17:46        

  

Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev Sabirabad rayonunda “Mədəniyyət sektorunun siyasəti və idarə olunması sisteminin modernləşdirilməsində Azərbaycan Respublikasının Mədəniyyət və Turizm Nazirliyinə dəstək” adlı “Tvinninq” layihəsinin müzakirəsində  iştirak edib. Nazir regional idarələrin illik fəaliyyəti ilə tanış olub.

Keçirilən görüşdə  mədəni irsin qorunması və mədəniyyət sahəsində idarəetmənin təkmilləşdirilməsinə dair “Tvinninq” layihəsi ilə bağlı müzakirələr aparılıb. Əbülfəs Qarayev mədəniyyət sahəsinin idarə edilməsində, eləcə də mədəni irsin qorunmasında bu layihənin Azərbaycanın da dünyanın qabaqcıl təcrübəsinə yiyələnməsinə kömək edəcəyini bildirdi. İki il davam edəcək layihə Avropa Komissiyası ilə razılaşdırılıb və Nazirlər Kabineti tərəfindən təsdiqlənib.

Nazir ,həmçinin musiqi məktəblərində çalışan müəllimlərin attestasiyasının keçirilməsindən danışaraq bildirdi ki,  bir neçə il əvvəl tətbiq edilən attestasiyada  zəif nəticə əldə edənlər üçün növbəti dəfə sınaqdan keçmək imkanı veriləcək.

Eyni zamanda Əbülfəs Qarayev şəhər və rayonlardakı Heydər Əliyev mərkəzləri arasında canlı internet-rabitənin yaradılması, kitabxana şəbəkəsində elektron ədəbiyyatın daha geniş tətbiqi kimi təkliflərin əhəmiyyətindən danışdı. Nazir həmçinin regional idarələrin il ərzində gördüyü işlər və onların fəaliyyəti ilə bağlı müzakirələr apardı. Sonda "İlin ən yaxşı kitabxanası" müsabiqəsində müxtəlif nominasiyalar üzrə qaliblər mükafatlandıldı.

“Xəbərlər”, Azərbaycan Televiziyası