Xarici xəbərlər

Brüssel sammitində Aİ liderləri “Breksit” danışıqlarının ikinci mərhələsinə keçməyə razılıq veriblər

15-12-2017 | 16:36        

  

Avropa İttifaqının Brüsseldə keçirilən iki günlük sammitində  əsas müzakirə mövzuları miqrasiya siyasəti, “Breksit” üzrə danışıqlar, iqtisadi və valyuta birliyi və bank birliyinin gələcəyi, Avropa İttifaqı ilə NATO arasında əməkdaşlıq, müdafiə, təhlükəsizlik, təhsil və sosial sahələrlə bağlı məsələlər olub. Tədbirin birinci günü Avropa İttifaqı liderləri arasında miqrantların qəbulu üzrə kvotalar məsələsində ciddi fikir ayrılıqları ilə yadda qalıb. Sammitə sədrlik edən Avropa İttifaqı Şurasının prezidenti Donald Tusk kvotalar sisteminin qeyri-effektiv olduğunu, fikir ayrılıqlarına yol açdığını bildirib. Onun fikirləri bəzi Avropa İttifaqı rəsmilərinin narazılığına səbəb olub. Məsələ ilə bağlı Donald Tuskun təklif etdiyi proqrama əsasən miqrantların ən çox üz tutduğu üzv ölkələrin yükünü yüngülləşdirmək üçün iyun ayınadək tədbirlər görülməlidir. Almaniya Kansleri Angela Merkel problemi həll etmək üçün Avropa ölkələrini həmrəylik nümayiş etdirməyə çağırıb. Kansler sığınacaq verilməsi ilə bağlı mövcud sistemin işləmədiyini, həmrəyliyə ehtiyac olduğunu bildirib. Sammit çərçivəsində Avropa İttifaqı liderləri müdafiə sahəsində Daimi Strukturlaşdırılmış Əməkdaşlıq paktının işə salınmasını alqışlayıblar. Onlar ilk birgə layihələrin tez bir zamanda həyata keçirilməsinin vacibliyini vurğulayıblar. Pakta əsasən 25 üzv ölkə Avropanın təhlükəsizlik və müdafiə sistemini gücləndirmək üçün səyləri birləşdirməyə razılıq verib. Toplantıda həmçinin ABŞ Prezidentinin Qüdsü İsrailin paytaxtı kimi tanımaq və səfirliyi bu şəhərə köçürmək qərarı da müzakirə olunub. Üzv ölkə liderləri problemin iki dövlət prinsipi əsasında həllini dəstəklədiklərini bir daha bəyan ediblər. Sammitin ikinci günündə əsas müzakirə mövzusu Böyük Britaniyanın Avropa İttifaqından çıxması ilə bağlı danışıqların vəziyyəti olub. Avropa İttifaqına üzv 27 ölkənin liderləri “Breksit” danışıqlarının ikinci mərhələsinə keçməyə razılıq veriblər. Bu barədə Avropa İttifaqı Şurasının Prezidenti Donald Tusk məlumat verib. Danışıqların ikinci mərhələsi Britaniya ilə Avropa İttifaqı arasında uzunmüddətli əlaqələr, o cümlədən ticarət və təhlükəsizlik məsələlərinin müzakirəsini nəzərdə tutur.