Siyasət

Görkəmli alim Həsən Əliyevin 110 illik yubileyi Ekologiya və Təbii Sərvətlər Nazirliyində qeyd edilib

15-12-2017 | 13:16        

  

Təbiət vurğunu, akademik Həsən Əliyevin adı təbiətsevərlərin yaddaşında, respublikanın hər yerində yeni yaşıllıqların salınmasının təşəbbüskarı kimi qalıb. Görkəmli alimin 110 illik yubileyi ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyində tədbir keçirilib.

Akademik Həsən Əliyevin 110 illik yubileyi ilə əlaqədar keçirilən mərasimin iştirakçıları görkəmli alimin məzarını ziyarət etdilər. Sonra Ekologiya və Təbii Sərvətlər Nazirliyində akademikin yubileyinə həsr olunan tədbir keçirildi. Ekologiya və Təbii Sərvətlər naziri Hüseyn Bağırov bütün həyatını Azərbaycan təbiətinin tədqiqinə, mühafizəsinə həsr etmiş və bu misilsiz sərvətin gələcək nəsillər üçün qorunub saxlanılmasının tərənnümçüsü olmuş görkəmli alimin ekologiya elminə verdiyi töhfələrdən danışdı. Vurğuladı ki, onun adı təbiətsevərlərin yaddaşında, ölkənin hər yerində yeni yaşıllıqların salınmasının təşəbbüskarı kimi qalıb. AMEA-nın akademik Həsən Əliyevin adına Coğrafiya İnstitutunun direktoru Ramiz Məmmədov və digər elm xadimləri görkəmli alim barədə xatirələrini bölüşdülər. Sonra akademikin həyat yoluna dair film nümayiş olundu... Tədbirdə ətraf mühitin, təbii sərvətlərin, biomüxtəlifliyin mühafizəsi və qorunub saxlanılması sahələrində çalışan bir qrup şəxs “Ekologiya və ətraf mühitin mühafizəsi sahələrində əldə etdikləri nailiyyətlərə görə akademik Həsən Əliyev adına mükafat”larla təltif edildilər.