Siyasət

Azərbaycan- Böyük Britaniya Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib

15-12-2017 | 09:11        

  

Bakı Biznes Mərkəzində Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclası keçirilib.

Böyük Britaniyanın Ticarət və İxracın Təşviqi üzrə naziri, hökümətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti Fəxri Xiyabanda ümummilli lider Heydər Əliyevin məzarını ziyarət edib. Görkəmli oftalmoloq-alim, akademik Zərifə Əliyevanın da xatirəsi ehtiramla anılıb.Şəhidlər Xiyabanında Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçən qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, “Əbədi məşəl” abidəsi önünə əklil qoyulub. Qonaqlar paytaxtın mənzərəsini seyr ediblər.

İclasdan əvvəl Bakı Biznes Mərkəzinin foyesində təşkil edilmiş uşaqların əl işlərindən ibarət sərgi ilə tanışlıq olub. Böyük Britaniya Azərbaycan iqtisadiyyatına ən çox investisiya yatıran ölkədir. Hazırda Azərbaycanda 500-dən çox Britaniya sərmayəli şirkət fəaliyyət göstərir və ölkəmizdə həyata keçirilən layihələrdə bu şirkətlər podratçı qismində iştirak edir. Bu fikirləri müzakirələr vaxtı Hökumətlərarası Komissiyanın həmsədri, İqtisadiyyat naziri Şahin Mustafayev səsləndirdi. İqtisadiyyat naziri qeyd etdi ki, indiyədək Azərbaycan və Böyük Britaniya arasında 10-a yaxın biznes forum və investisiya sammiti təşkil edilib. İclasda kənd təsərrüfatı, nəqliyyat infrastrukturu, tranzit imkanları, maliyyə bazarları, İKT sahəsində əlaqələrin genişləndirilməsi, Birləşmiş Krallığa şamil edilən “ASAN Viza” sistemi barədə ətraflı fikir mübadiləsi aparıldı. Qeyd olundu ki, Azərbaycan və Böyük Britaniya ali təhsil müəssisələri arasında əməkdaşlıq nəticəsində 270 azərbaycanlı tələbə Böyük Britaniyada, Britaniyalı gənclər isə Azərbaycanın ali təhsil müəssisələrində təhsil alırlar.

Hökumətlərarası Komissiyanın britaniyalı həmsədri Baronessa Rona Ferhed Azərbaycana ilk dəfə səfər etdiyini bildirdi. Ölkəmizin qısa müddət ərzində böyük inkişaf yolu keçdiyini dedi. Azərbaycanla Böyük Britaniya şirkətləri, xüsusilə də BP arasında əməkdaşlığı yüksək qiymətləndirdi. Vurğuladı ki, Böyük Britaniyanın Azərbaycanla iqtisadi-ticarət əlaqələrin inkişafında maraqlıdır.

İclasın sonunda Azərbaycan Respublikası Hökuməti ilə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Hökuməti arasında iqtisadi əməkdaşlıq üzrə Birgə Hökumətlərarası Komissiyanın 2-ci iclasının yekunlarına dair Protokol imzalandı

"Xəbərlər", Azərbaycan Televiziyası