Rəsmi xronika

Birinci vitse-prezident Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə nazirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb

15-12-2017 | 09:07        

  

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyeva Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhedin Azərbaycana səfərinin ikitərəfli münasibətlərin inkişafına xidmət etdiyini bildirdi. Dövlət müstəqilliyini bərpa etdikdən sonra Azərbaycanın Böyük Britaniya ilə bir sıra sahələrdə əməkdaşlıq qurduğunu deyən Azərbaycanın Birinci vitse-prezidenti neft-qaz sahəsində əlaqələri xüsusi vurğuladı və bu əlaqələrdə Böyük Britaniyanın BP şirkəti ilə əməkdaşlığı xüsusi qeyd etdi. BP şirkətinin 20 ildən çoxdur ki, Azərbaycanda fəaliyyət göstərdiyini deyən Mehriban Əliyeva Azərbaycanda bu əməkdaşlığın çox yüksək qiymətləndirildiyini diqqətə çatdırdı. Bildirdi ki, bu il “Azəri-Çıraq-Günəşli” layihəsinin yeni mərhələsinə start verilib, yeni müqavilə imzalanıb. Bu isə mövcud əməkdaşlığın həm Böyük Britaniyanın həm də Azərbaycanın maraqlarına cavab verdiyini nümayiş etdirir. “Şahdəniz-2” layihəsində BP-nin əsas investor olduğunu, gələn il  TANAP layihəsinin başa çatacağını deyən Azərbvaycanın Birinci-vitse-prezidenti qeyd etdi ki, bu layihələrlə Azərbaycan Avropanın enerji təhlükəsizliyinə töhfə verir. Gələcəkdə iqtisadiyyatın digər sahələrində, o cümlədən qeyri-neft sektorunda da geniş və uğurlu əməkdaşlığın qurulmasının vacib olduğunu deyən Mehriban Əliyeva dqqətə çatdırdı ki, ticarət dövriyyəsinin artması, turizm, kənd təsərrüfatı, yüksək texnologiyalar, nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinin böyük perspektivləri var. Birinci vitse-prezident bu  səfərin əməkdaşlıq baxımından yeni imkanlar yaradacğına əminliyini ifadə etdi. Xalqlarımızın bir-birini daha yaxın tanıması üçün humanitar sahədə əməkdaşlığı xüsusi vurğulayan Mehriban Əliyeva Azərbaycanla Böyük Britaniya arasında son illər təhsil sahəsində də əlaqələrin genişləndirildiyini qeyd etdi, ölkəmizdə 16 məktəbdə təhsilin ingilis dilində tədris olunduğunu, yüzlərlə azərbaycanlının Böyük Britanyada təhsil aldığını bildirdi. Ölkələrimiz arasında mədəniyyət sahəsində əməkdaşlıq üçün geniş imkanların olduğunu deyən Mehriban Əliyeva Azərbaycanın Təhsil Nazirliyi ilə Oksford Universiteti arasında yüksək səviyyəli əlaqələrin qurulduğunu vurğuladı. “Mən bizim ikitərəfli münasibətlərimizi yüksək qiymətləndirirəm”, - deyən Mehriban Əliyeva gələcəkdə qarşılıqlı maraqlar əsasında daha geniş əməkdaşlığın qurulacağına əminliyini bildirdi.

Böyük Britaniyanın ticarət və ixracın təşviqi üzrə naziri, hökumətlərarası komissiyanın həmsədri Baronessa Rona Feyrhed ölkəmizdə göstərilən qonaqpərvərliyə görə minnətdarlığını bildirdi. Qonaq Azərbaycanda keçirdiyi görüşlərdən danışdı, aparılan müzakirələrin ikitərəfli münasibətlərimizin genişləndirilməsi və daha da möhkəmləndirilməsi baxımındam əhəmiyyətini qeyd etdi.  

"Xəbərlər", Azərbaycan Televiziyası