Cəmiyyət

FHN-in yaradılmasının 12-ci ildönümü münasibətilə kollegiya iclası keçirilib

14-12-2017 | 16:15        

  

Fövqəladə Hallar Nazirliyinin yaradılmasının 12-ci ildönümü münasibətilə genişləndirilmiş kollegiya iclası keçirilib. İclasında nazir Kəmaləddin Heydərov bildirdi ki, ötən müddət kollektiv üçün əlamətdar olub. Baş verə biləcək fövqəladə hadisələrin vaxtında aşkarlanması, qarşısının alınması və nəticələrinin aradan qaldırılması, əhalinin və ərazilərin təbii və texnogen xarakterli qəzalardan qorunması məqsədilə nazirliyin aidiyyəti qurumları tərəfindən müvafiq tədbirlər 2017-ci il ərzində də davam etdirilib. Kəmaləddin Heydərov qeyd etdi ki, yarandığı 12 il ərzində çətin və şərəfli yol keçən Fövqəladə Hallar Nazirliyi Prezident İlham Əliyevin diqqət və qayğısı ilə əhatə olunub. Dövlət başçısı tərəfindən nazirliyin şəxsi heyətinin sosial vəziyyətinin, o cümlədən mənzil-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində mühüm işlər görülüb. Bu gün Fövqəladə Hallar Nazirliyinin təkcə Bakıda deyil, regionlardakı qurumlarının da maddi-texniki bazası əsaslı şəkildə yenilənib. Nazirliyin informasiya texnologiyaları infrastrukturunun yaradılması və inkişaf etdirilməsi, elektron xidmətlərin təşkili, eləcə də respublika ərazisində baş vermiş təbii-texnogen hadisələrin statistikasının aparılması istiqamətində müvafiq tədbirlər həyata keçirilib, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzi və “112” qaynar telefon xətti yaradılıb. Sonra nazirliyin bir qrup əməkdaşına ali hərbi rütbələrin, orden və medalların, fəxri adların verilməsi haqqında Prezident İlham Əliyevin imzaladığı sərəncamlar oxundu. Dövlət başçısının sərəncamlarına əsasən təltif olunan və  xidmətdə fərqlənən əməkdaşlara mükafatlar təqdim edildi.  Tədbir iştirakçıları adından Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevə müraciət qəbul edildi. 

Fövqəladə Hallar Nazirliyinin Akademiyasında “Fövqəladə hallar uşaqların gözü ilə” mövzusunda məktəblilər arasında keçirilən 7-ci Ümumrespublika uşaq yaradıcılıq müsabiqəsi qaliblərinin sərgisi və onların mükafatlandırılması mərasimi də keçirildi. Məktəblilərin əl işlərindən ibarət sərgiyə baxış oldu. Ölkənin bütün şəhər və rayonlarının ümumtəhsil məktəblərinin iştirak etdikləri respublika uşaq yaradıcılıq müsabiqəsi rəsm, plakat, əl işi, yanğın və qəza-xilasetmə texnikasının modeli, yumşaq oyuncaq nominasiyalarında məktəb, rayon və ümumrespublika birinciliyi mərhələləri üzrə keçirilib. Müsabiqədə ilk 3 yeri tutanlara fəxri fərman və hədiyyələr, bütün iştirakçılara isə həvəsləndirici mükafatlar təqdim olundu.