Mədəniyyət

SSRİ xalq artisti Fərhad Bədəlbəylinin 70 illik yubeliyi münasibəti ilə təntənəli gecə keçirilib

14-12-2017 | 15:37        

  

Moskvada, Çaykovski adına konsert salonunda  görkəmli Azərbaycan  pianoçusu, Bakı Musiqi Akademiyasının rektoru, SSRİ Xalq artisti, Fərhad Bədəlbəylinin 70 illik yubeliyi münasibəti ilə  təntənəli gecə keçirilib. Mərasim Mədəniyyət və Turizm Nazirliyi, Rusiya Mədəniyyət Nazirliyi, Heydər Əliyev Fondunun və Azərbaycanın Rusiyadakı səfirliyinin dəstəyi ilə baş tutub.

Moskva Dövlət Akademik Filarmoniyasının Çaykovski adına konsert salonunda  baş tutan yubiley konsertində bir çox görkəmli bəstəkarların əsərləri səsləndi. Konsertdən öncə bu barədə açıqlama verən Fərhad Bədəlbəyli dedi ki, dünyanın mədəniyyət mərkəzlərindən biri olan Moskvada Azərbaycan incəsənətini təmsil etmək böyük şərəfdir.

Yubiley gecəsində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu, Moskva Filarmoniyasında Azərbaycanın görkəmli sənətkarı Fərhad Bədəlbəylinin 70 illik yubiley gecəsinin keçirilməsini əlamətdar hadisə adlandırdı. Diplomat dedi ki, Azərbaycanın görkəmli mədəniyyət xadimlərinin Rusiya paytaxtında möhtəşəm tədbirlər keçirirməsi artıq gözəl ənənəyə çevrilib.

Yubiley konsertində həmçinin Moskva Filarmoniyasının Akademik Simfonik Orkestri, xalq artistləri Murad Adıgözəlzadə və Yalçın Adıgözəlov, əməkdar artistlər Əyyub Quliyev və Fuad İbrahimov, gənc tenor Azər Rzazadə və digər tanınmış müsiqiçilər iştirak edirdi.

Gecənin tamaşaçıları arasında olan məşhur sənət adamları və ictimai xadimlər də Fərhad Bədəlbəylini yubiley münasibəti ilə təbrik etdilər.

Janna Dozortseva -Rusiyanın Əməkdar İncəsənət Xadimi 

Fərhad Bədəlbəyli uzun illər Rusyanın konsert salonlarının yaraşığı olub. Elə bir musiqi mövsümünü xatırlamıram ki, Fərhad parlaq konsert proqramı ilə çıxış etməsin. Fərhad çox gözəl pianoçudur. O, təkcə Azərbaycanın deyil, həm də Rusiyanın fəxri və sərvətidir.

Mixail Qusman -TASS agentliyinin baş direktorunun birinci müavini:

 

Bu gün Moskvanın mədəni həyatında əlamətdar hadisədir. Rusiya paytaxtının ən yaxşı konsert salonlarından biri anşlaq yaşayır, tamaşaçılar Fərhadın ifasına heyrandırlar. Fərhad bu gün fortepianoda elə parlaq, elə qüsursuz, şövqlə ifa edir ki, onun 70 illik yubelryini qeyd etdiyimizə inana bilmirəm. Mən 20 yaşlı, 30 yaşlı Fərhadın konsertlərini xatırlayıram. Onu deyə bilərəm ki, səhnəyə, musiqiyə sonsuz məsuliyyətli münasibəti heç dəyişməyib. Fərhad təkcə qəlbən deyil, həm də yaradıcılığı ilə gəncdir.

Tamara Sinyavskaya - SSRİ xalq artisti:

Mən Fərhad Bədəlbəyliyə ilk növbədə cansağlığı, yaradıcılıq sevinci arzu edirəm. Fərhad Çaykovski adına salonda dəfələrlə çıxış edib və mən əminəm ki, bugünki konsert onun yaradıcılığının daha bir zirvəsidi. 

Sonda görkəmli Azərbaycan musiqiçisi yubileyi ərəfəsində ən böyük arzusunu da dilə gətirdi.