Cəmiyyət

“Uşaqlar üçün ədliyyə” layihəsinin yekun qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub

14-12-2017 | 14:07        

  

“Uşaqlar üçün ədliyyə” layihəsinin yekun qiymətləndirilməsi üzrə hesabatın təqdimatı olub. UNİCEF və Avropa Ittifaqının birgə layihəsi ailələrin ədliyyə sisteminə çıxışını asanlaşdırmaq məqsədi daşıyıb.   

Layihəyə 2014-cü ildən başlanıb və ədliyyə sistemi ilə təmasda olan risk altındakı uşaqların müdafiəsini gücləndirmək məqsədi daşıyıb. Həssas uşaqların pulsuz hüquqi yardım və hüquqi təmsilçilik xidmətlərindən istifadə imkanları artırılıb. Layihə çərçivəsində müxtəlif regionarda hüquqi yardıma ehtiyacı olan ailələrə dəstək göstərildiyini deyən UNİCEF-in Azərbaycandakı nümayəndəliyinin rəhbəri Edvard Karvardin nəticələri yüksək qiymətləndirdi. Milli Məclis sədrinin müavini Bahar Muradova əhalinin bütün qruplarının, o cümlədən uşaqların hüquqlarının qorunmasına xüsusi diqqət yetirildiyini, qanunvericiliyin təkmilləşdirildiyini bildirdi. Qeyd etdi ki, Milli Məclis bununla bağlı UNİCEF də daxil olmaqla, müvafiq qurumlarla səmərəli əməkdaşlıq edir. Avropa İttifaqının nümayəndəsi Yorun Villems və digər çıxış edənlər də hüquqi yardıma ehtiyacı olan uşaqların cəmiyyətdən kənarda qalmaması, ədalətli mühakimə üsulları ilə təmin edilməsi baxımından layihənin mühüm əhəmiyyət daşıdığını diqqətə çatdırdı. Əldə edilən nəticələrin dayanıqlı olması üçün bu cür layihələrin davamlı olacağı bildirildi.