Cəmiyyət

“Türkmənçay sülh müqaviləsi-190: tarixi həqiqətlərin izi ilə” mövzusunda beynəlxalq elmi konfrans keçirilib

14-12-2017 | 13:16        

  

Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının təşkilatçılığı ilə "Türkmənçay sülh müqaviləsi-190: tarixi həqiqətlərin izi ilə" mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Tədbirdə bir sıra ölkələrin tarixçi- alimləri iştirak ediblər.

Məhz Türkmənçay sülh müqaviləsi ilə Azərbaycan torpaqlarının iki yerə bölünməsi rəsmiləşdi. Tarixi Azərbaycan torpaqlarında erməni dövlətinin yaradılmasına başlanılsa da assimilyasiya olmayan azərbaycanlılar milli varlığını qoruyub saxlaya bildilər. Bu barədə Fransa, Rusiya, Moldova və gürcüstanlı alimlərin iştirakı ilə keçirilən konfransda bildirildi. “Türkmənçay sülh müqaviləsi erməni etnosu tarixinin başlanğıc nöqtəsi kimi" adlı paneldə çıxış edən professor Namiq Əliyev dedi ki, bu sənəd 1826-cı il 2-ci Rusiya-İran müharibəsinin məntiqi nəticəsi idi. Bu müharibə zamanı İrəvanda yaşayan azsaylı ermənilərin də satqınlığı üzə çıxdı. İrəvan xanı təslim olmaq istəməsə də, ermənilər şəhərin şimal qapılarını rus qüvvələrinin üzünə açdılar. Rusiya Sosial və İdarəetmə Konsaltinqi üzrə Ali Məktəbin Elmi İş üzrə prorektoru Oleq Kuznetsov "1828-ci ildə Türkmənçay sülh müqaviləsinin müddəalarına uyğun olaraq, Rusiya İmperatorluğu Administrasiyasının Qafqazda immiqrasiya siyasətinin əsas prinsipləri" mövzusunda məruzə ilə çıxış etdi. Onun sözlərinə görə, sülh müqaviləsinin imzalanmasından sonra Rusiya yalnız ermənilərin Cənubi Qafqaza köçürülməsində maraqlı olmayıb, bununla bərabər, aysorlar da Gürcüstan ərazisinə köçürülüblər. Konfrans panel müzakirələrlə davam etdirilib.