İqtisadiyyat

Bakının “EXPO 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizəd şəhər olması ilə bağlı təqdimat keçirilib

14-12-2017 | 13:08        

  

“Azərbaycanın “Expo-2025” Ümumdünya  Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamı, bacarıq imkanları, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir”. Bunu “Expo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster Azərbaycan paytaxtının Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı keçirilən təqdimat mərasimində deyib.

Beynəlxalq Sərgilər Bürosunun tamhüquqlu üzvü olan Azərbaycan 2000-ci ildən Ekspo sərgilərində iştirak edir. Milan, Antalya və Astanada keçirilən sərgilərdə ölkəmizin milli pavilyonları mükafatlara layiq görülüb. Bakının “Ekspo 2025” Ümumdünya Sərgisinə ev sahibliyinə namizədliyini irəli sürməsi ilə bağlı keçirilən  təqdimat mərasimində Azərbaycanın Birinci vitse-prezidentinin köməkçisi, Heydər Əliyev Mərkəzinin direktoru Anar Ələkbərov bu barədə məlumat verdi. “Ekspo 2025” sərgisinə Bakının namizəd şəhər olması münasibəti ilə noyabrın 14-də Parisdə Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə təşkil olunan qəbul barədə danışan Anar Ələkbərov Azərbaycan hökumətinin layihəyə yüksək dəstəyini diqqətə çatdırdı. Azərbaycanın Beynəlxalq Sərgilər Bürosundakı nümayəndə heyətinin rəhbəri Elçin Əmirbəyov isə sərgi üçün Azərbaycanın təklif etdiyi “İnsan kapitalını inkişaf etdirək, daha yaxşı gələcək quraq” mövzusunun bəşəriyyət üçün aktual olmasını vurğuladı. Bildirdi ki, mövzu BMT-nin Dayanıqlı İnkişaf  Məqsədlərinə uyğundur. Nümayəndə heyətinin rəhbəri sərginin Azərbaycanda yerli biznes imkanlarının artması ilə yanaşı, dünyanın aparıcı biznes şirkətlərinin də bir araya gəlməsində və biznes əlaqələrinin qurulmasında müstəsna rol oynayacağını qeyd etdi. “Ekspo 2025 Bakı” Əməliyyat katibliyinin icraçı direktoru Pol Foster diqqətə çatdırdı ki, “Ekspo 2025 Bakı” üçün nəzərdə tutulan 200 hektar ərazi paytaxtın şərq hissəsində yerləşir. Ərazinin Azərbaycanın Dövlət Gerbində əks olunan səkkizgüşəli ulduz şəklində görünəcəyi bildirildi. Pol Fosterin sözlərinə görə, qədim tarixə, mədəniyyətə, özünəməxsus qonaqpərvərliyə malik Azərbaycanın Ümumdünya  Sərgisinə ev sahibliyi etməsi uğrunda mübarizəyə qoşulması ölkənin özünə inamı, bacarıq imkanları, siyasi və iqtisadi müstəvidə inkişafından xəbər verir. Bakı Azərbaycana təşrif buyuran hər bir kəs üçün maraqlı tarixi yer olmaqla yanaşı, özlərini təhlükəsiz hiss edəcəkləri ən etibarlı şəhərdir. Tədbirdə Odlar Yurdunun mədəniyyəti, tarixi, ölkəmizin ev sahibliyi etdiyi mötəbər tədbirlər və Azərbaycanın təklif etdiyi Ekspo mövzusu ilə bağlı videoçarxlar nümayiş olundu.