İqtisadiyyat

“Çeski Exporter” jurnalında Azərbaycan iqtisadiyyatı ilə bağlı məqalə dərc edilib

14-12-2017 | 10:27        

  

Çexiyanın “Çeski Exporter” jurnalının dekabr buraxılışında “Qazaxıstan və Azərbaycan neftdən müasir iqtisadiyyata keçid yolunu seçdilər” sərlövhəli məqalə dərc edilib. Məqalədə Azərbaycan iqtisadiyyatının inkişaf istiqamətlərindən bəhs olunur.

Yazıda Cənubi Qafqaz bölgəsində Azərbaycanın böyük mineral resurslara malik olmasına görə Çexiya və xarici şirkətlərin bu regiona daim diqqət göstərdiyi bildirilir. Son 20 ildə ölkəmizə qoyulan xarici kapital nəticəsində Azərbaycanln neft ehtiyatlarının 1,2 milyard barreldən 7 milyard barrel həcmində artmasının geoloji cəhətdən təsdiqləndiyi diqqətə çatdırılır. Məqalədə həmçinin Bakının böyük liman şəhərinə çevrildiyi və yükdaşımalar sahəsində əhəmiyyətli tranzit rol oynadığı qeyd edilir. Müəllif Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən Bakı-Tbilisi-Qars dəmir yolu barədə də məlumat verir. Yazıda dəmiryolu xəttinin Azərbaycan, Gürcüstan və Türkiyəni birləşdirməklə yanaşı, Avropa və Çin arasında birbaşa əlaqə yaratdığı diqqətə çatdırılıb. Ölkəmizin həyata keçirdiyi mühüm enerji layihələrindən də bəhs edilir. Azərbaycan üçün əsas prioritet enerji layihəsinin hazırda “Cənub Qaz Dəhlizi” olduğu bildirilir. TANAP və TAP boru xətlərindən ibarət bu layihənin Azərbaycan, Gürcüstan, Türkiyə, Yunanıstan, Albaniya və İtaliyadan keçməklə 2020-ci ildə ərsəyə gələcəyi qeyd olunur. Yazıda Azərbaycan iqtisadiyyatının şaxələndirilməsi istiqamətində atılan addımlara da toxunulub. Hökumət tərəfindən prioritet sahələr kimi, kənd təsərrüfatı, qida sənayesi, əczaçılıq, elektrotexnika, mexaniki mühəndislik, istehlak və ətraf mühit üzrə texnologiya sahələrinin müəyyənləşdirildiyi, Çexiya şirkətləri üçün geniş imkanların yarandığı qeyd olunub.