Siyasət

Avropa Parlamentində ölkəmizin milli maraqlarına da xidmət edən sənəd qəbul olunub

14-12-2017 | 10:17        

  

Strasburqda keçirilən Avropa Parlamentinin plenar iclasında Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat qətnaməsi qəbul olunub. Sənəddə ölkəmizin milli maraqlarına xidmət edən prinsipial müddəalar yer alıb. Hesabat qətnaməsi Avropadakı ermənipərəst qüvvələri məyus edib. Sənəddəki milli maraqlarımıza xidmət edən müddəalar həmin qüvvələrin mövqeyinə ciddi zərbə vurub.

Böyük səs çoxluğu ilə qəbul edilən Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat sənədi  Avropa Parlamenti Xarici Əlaqələr Komitəsinin il ərzində qəbul etdiyi ən vacib sənəd hesab edilir və qurumun xarici siyasət istiqamətlərini müəyyənləşdirir. Bu ilki qətnamənin 20-ci bəndində ilk dəfə olaraq Şərq Tərəfdaşlığı ölkələrinin, o cümlədən Azərbaycanın, beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində ərazi bütövlüyü dəstəklənir. Sənəddə ölkələrin ərazi bütövlüyü və sərhədlərin toxunulmazlığı prinsiplərinin Avropa İttifaqı dövlətləri üçün öhdəlik xarakteri daşıdığı qeyd edilir. Doktrinal xarakter daşıyan hesabatda bütün münaqişələrə vahid mövqenin sərgilənməsi Avropanın müxtəlif institutlarında yalan təbliğat aparan erməni lobbisinin təxribatçılıq siyasətinin iflası kimi qiymətləndirilir. 

Fuad İsgəndərov - Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri:

Qətnamə öhtəlik xarakteri daşıyır. Yəni Avropa İttifaqının icra qurumları tərərindən xarici siyasət həyata keçirilərkən nəzərə alınmalıdır. Erməni lobbisi tərtərfindən bəzən tövsiyyə xarakterli sənədlər qəbul etdirilirdi. Lakin belə bir qətnamənin qəbul edilməsi faktiki olaraq bütün bu cəhdləri boşa çıxarır. Prinsipial məsələdir.

Avropa Parlamentinin Avropa İttifaqının Xarici işlər və təhlükəsizlik siyasətinə dair qətnaməsi, qurum  tərəfindən qəbul edilən digər tövsiyə xarakterli sənədlərdən fərqli olaraq xüsusi əhəmiyyət daşıyır. Məhz bu sənədin icrası ilə bağlı Avropa İttifaqının təhlükəsizlik və xarici siyasət üzrə ali nümayəndəsi Federika Moqerini ildə iki dəfə Avropa Parlamentində hesabat verir. Avropanın və dünyanın bəzi media qurumlarında ölkəmizə qarşı aparılan məqsədli qarayaxma kampaniyalarına baxmayaraq, Ermənistanı faktiki işğalçı kimi göstərən sənədin qəbul edilməsi, Azərbaycanın xarici siyasətinin ciddi uğuru kimi qiymətləndirilir.

Fuad İsgəndərov - Azərbaycanın Belçika və Lüksemburqdakı səfiri:

Bu uzun müddət Azərbaycan respublikasının siyasi rəhbərliyi tərəfindən, cənab prezident tərəfindən aparılan siyasətin nəticəsidir. 24 noyabrda şərq tərəfdaşlığı sammitində qəbul edilən sənəd Azərbaycan Prezidenti tərəfindən Azərbaycan diplomatiyasının uğuru kimi qiymətləndirilmişdir. Bugünkü qətnamə həmin diplomatik uğuurun davamıdır. Bu qətnamə ilə Avropa İttifaqının bütün qurumları vahid mövqeyə gəlmişlər. Bu artıq Avropa İttifaqının icra qurumlaerının sənədlərində öz əksini tapmışdır. Brüssel sammitinin yekun bəyannaməsində də öz əksini tapmışdır və Avropa Parlamentinin bugünkü qətnaməsində də öz əksini tapmışdır. Şərq tərəfdaşlığı ölkələrinin ərazi bütövlüyü vahid mövqedən dəstəklənməlidir. Və  bu mövqe sərhədlərin toxunulmazlığı əsasında dəstəklənməlidir. Bu, cənab Prezident tərəfindən qeyd olunan diplomatik uğurun davamıdır.

Xarici işlər və təhlükəsizlik siyasətinə dair illik hesabat sənədində əks olunan müddəalar, Ermənistanın işğalçılıq siyaasətinə Avropada obyektiv qiymətin verilməsi üçün yeni hüquqi müstəvi yaradır.