Bölgələr

Yeni tut bağları salınır

14-12-2017 | 09:20        

  

Baramaçılığın və ipəkçiliyin inkişafı barədə dövlət proqramının icrası 2025-ci ildə artıq 6 min ton barama istehsalına imkan yaradacaq. Bu proqramdakı tədbirlər sırasında əsas yerlərdən birini baramaçılığın yem bazasının yaradılması tutur. Bu günlərdə Çindən daha 1 milyon tut tinginin gətirilməsi də yem bazasının gücləndirilməsinə xidmət edir. Tinglər baramaçılıqla məşğul olunan rayonlara paylanılıb. Sabirabadın və Cəlilabadın kümdarları da hazırda ting əkini ilə məşğuldurlar.

Bu il Sabirabadda ən çox barama yetişdirən Nizami kəndinin kümdarları olub. İpəkqurdlarını tut yarpaqları ilə əla bəsləyiblər və yaxşı gəlir də götürüblər. İndisə artıq növbəti mövsümə hazırlıq zamanıdır. Bunun üçün vacib şərt dayanıqlı və bol  yem bazasının yaradılmasıdır. Odur ki, kənddə movcud tut bağları alaq otlarından təmizlənir, suvarılır, beçərmə işləri aparılır. Çindən gətirilən tinglərdən əlavə ərazidə 8 min yerli tut tingi əkilir.

Ümumilikdə isə keçən il Çindən gətirilən tut tinglərinin 60 mini hər birində 10 min ədəd olmaqla Sabirabadın 6 kəndində əkilib. Yüksək  aqrotexniki qulluq göstərildiyindən pöhrələr yaxşı inkişaf edib. Artıq gələn il yerli kümçülər barama qurdlarını həmin ağacların yarpaqları ilə bəsləyəcəklər.Təsadüfi deyil ki, Çinli mütəxəssislər özləri də tut bağlarına baxıb, edilən qulluqdan və əldə olunan nəticələrdən razı qalıblar. 

Həm bu bağların, həm də SSRİ dönəmindən qalan tut bağlarının hesabına sabirabadlı kümçülər bu il 5 min 31 kq barama istehsal ediblər. Növbəti il isə  iki dəfə çox barama istehsalı planlaşdırılır.

Bu yaxınlarda Çin Xalq Resbublikasından gətirilən 1-milyon tut tingindən 5 mini isə Cəlilabad rayonunun payına düşüb. Həmin tinglər Cəlilabadın Uzuntəpə kəndi ərazisində əkilir.

İnsanların dolanışığının yaxşılaşmasına imkan yaradan, qısa müddətdə yaxşı gəlir gətirən baramaçılığın inkişafı isə ilk nəvbədə ipəkqurdunun yem bazasının gücləndirilməsindən asılıdır. Ona görə də kümdarlar ipəkqurdlarını 40 gün yarpağı ilə bəslədikləri tut ağaclarının tinglərinin əkininə məsuliyyətlə yanaşır, bütün aqrotexniki qaydalara əməl edirlər. Tut tingləri 50 sot sahədə cərgələrlə əkilir. Eyni zamanda, ötən əsrin 60-cı illərində əkilən tut ağacları budanır ki, onlar da yenidən qol budaq atsınlar.