İqtisadiyyat

Dövlət Neft Fondu ötən il aktivlərini 53 faiz artırıb

27-01-2011 | 18:33        

  

 

Dövlət Neft Fondu ötən il aktivlərini 53 faiz artırıb. Fondun icraçı direktoru Şahmar Mövsümov 2010-cu ilin yekunlarına həsr olunan mətbuat konfransında bildirib ki, büdcə gəlirləri 13 milyard 88 milyon, büdcə xərcləri isə 6 milyard 386 milyon manat təşkil edib. Dövlət neft fondu büdcəsinin gəlir hissəsi 144 faiz, məxaric hissəsi isə 99,4 faiz icra olunub. Qurumun il ərzində neft və qaz sazişlərindən əldə etdiyi gəliri 12 milyard 932,6 mln. manat olub. Dövlət Neft fondunun icraçı direktoru Şahmar Mövsümovun sözlərinə görə gəlirlərin 268.2 milyonu Şahdəniz qaz yatağı, qalanı isə neftin hesabına toplanıb. Ötən il Fondun vəsaitlərinin idarə olunmasından əldə olunan gəlir 155,9 mln. manata bərabər olub. Hesabat dövründə qurum tərəfindən 5 milyard 915,0 mln. manat dövlət büdcəsinə transfer edilib. Gəlirləri artırmaq üçün isə yeni investisiya proqramı hazırlanır.

Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üçün fond 104,9 mln. manat ayırıb. Samur-Abşeron suvarma sisteminin yenidən qurulmasına  131,0 mln. manat və Oğuz-Qəbələ-Bakı su kəmərinin çəkilişinə isə 199,6 mln. manat xərclənilib. “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı»nın maliyyələşdirilməsinə 9,6 mln. manat, “Bakı-Tiflis-Qars yeni dəmir yolu” layihəsinə 12,4 mln. manat yönəldilib.