Mədəniyyət

Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının 12-ci Forumu keçirilib

14-12-2017 | 08:42        

  

Moskvada MDB ölkələri Yaradıcı və Elmi Ziyalılarının 12-ci Forumu keçirilib. MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təşkil etdiyi toplantıda Azərbaycan da təmsil olunub. 

Tədbirin açılışında çıxış edən Rusiya hökuməti sədrinin müavini Olqa Qolodets Rusiya Prezidenti Vladimir Putinin forum iştirakçılarına təbrik məktubunu oxudu.

Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun İdarə Heyətinin sədri, Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu açılış mərasimində çıxış edərək bildirdi ki, MDB ziyalılarının forumu fikir mübadiləsi aparmaq, vacib məsələləri müzakirə etmək üçün gözəl fürsətdir. Səfir qeyd etdi ki, MDB ölkələrində dövlət səviyyəsində zəngin mədəni irsin qorunub saxlanması üçün böyük işlər görülür.

Tədbir çərçivəsində MDB Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun təsis etdiyi mədəniyyət, incəsənət və humanitar fəaliyyətə görə “Birlik ulduzları” mükafatı təqdim olundu. Azərbaycandan, Rəssamlar İttifaqının sədri, Xalq Rəssamı, Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvü Fərhad Xəlilov mükafata layiq görüldü.

Forum iştirakçıları “MDB-də ailə dəyərlərinin və ənənələrinin möhkəmləndirilməsi və dəstəklənməsində humanitar əməkdaşlığın rolu” mövzusunda müzakirələr aparıb, təhsil və gənclər siyasəti, MDB Dövlət Başçıları Şurasının qərarına əsasən 2018-ci ilin Birlik məkanında “Mədəniyyət ili” elan edilməsinə hazırlıq məsələlərini nəzərdən keçirdilər.