Siyasət

Gürcüstan audit sahəsində Azərbaycanla təcrübə mübadiləsində maraqlıdır

13-12-2017 | 12:50        

  

Tbilisidə Gürcüstanın Ali Audit Qurumunun yaranması ilə əlaqədar beynəlxalq konfrans keçirilib. Azərbaycan nümayəndə heyətinin də təmsil olunduğu konfransda iki ölkə arasındakı audit sahəsində mövcud olan əlaqələr və ölkəmizin bu sahədəki geniş təcrübəsi müzakirə mövzusu olub.

Bu gün Azərbaycanla Gürcüstan arasında müxtəlif sahələri əhatə edən əlaqələr mövcuddur. Bu əlaqələrin audit sahəsində də yüksələn xətlə inkişaf etdirilməsi və təcrübə mübadilələrin aparılmasında hər iki tərəf maraqlıdır. Bu fikirlər Tbilisidə Gürcüstan Ali Audit Qurumunun yaranması ilə əlaqədar keçirilən beynəlxalq konfrans səsləndi. Tədbirdə Gürcüstanın Baş naziri Georgi Kvirikaşvili, parlamentin sədri İrakli Kobaxidze çıxış edərək Gürcüstanda Dövlət Ali Audit Qurumunun yaradılma səbəblərindən, büdcə və maliyyə institutlarına nəzarət mexanizmlərinin hazırlanıb həyata keçirilməsində bu qurumun rolundan bəhs etdilər. Azərbaycan nümayəndə heyətinin konfransda iştirakını yüksək qiymətləndirən çıxışçılar bildirdilər ki, bu gün rəsmi Bakı bütün sahələrə olduğu kimi audit sektoruna da xüsusi diqqət ayırır.

Sonra Gürcüstan Ali Audit Qrumunun 2018-2022-ci illər üzrə inkişaf strategiyası ilə bağlı təqdimatı oldu.  Konfrans çərçivəsində Azərbaycan Respublikası Hesablama Palatası və Gürcüstan Ali Audit Qurumu arasında görüş də keçirildi. Mövcud əməkdaşlığın  inkişaf etdirilməsi, gələcəkdə kənar dövlət auditi sahəsində birgə təlimlərin təşkili, bu sahədə informasiya mübadiləsi məsələləri müzakirə edildi.

Tədbir çərçivəsində bəzi əməkdaşlıq məslələri də müzakirə edildi.

“Xəbərlər”, Azərbaycan Televiziyası