Cəmiyyət

Pekində müasir Azərbaycanın qurucusu Heydər Əliyevin anım mərasimi keçirilib

13-12-2017 | 10:49        

  

Çində yaşayan və təhsil alan azərbaycanlıların iştirak etdikləri tədbirdə çıxış edən Azərbaycanın Çin Xalq Respublikasındakı səfiri Əkrəm Zeynallı ümummilli lider Heydər Əliyevin tarixin yetirdiyi ən dahi şəxsiyyətlərdən biri olduğunu, ölkəmizə rəhbərlik etdiyi 30 ildən artıq bir dövrdə bütün sahələrdə dirçəlişin məhz onun adı ilə sıx bağlı olduğunu diqqətə çatdırıb.

Qeyd olunub ki, ümummilli lider Heydər Əliyev hakimiyyəti illərində Azərbaycanın məsuliyyətini öz çiyinlərində daşıya, onu bir dövlət kimi tarixin ağır və sərt sınaqlarından çıxara bilib. Azərbaycançılıq məfkurəsinin ideoloji əsaslarını qoyan ulu öndərin müasir, demokratik, hüquqi və dünyəvi dövlət quruculuğundakı roluna xüsusi diqqət yetirən səfir, ümummilli liderin müəyyən etdiyi xarici və daxili siyasətin nəticəsində Azərbaycanın dünyada öz layiqli yerini tutduğunu vurğulayıb.

Ulu öndərin bizə miras buraxdığı müstəqil Azərbaycan Respublikasının bu gün etibarlı əllərdə olduğunu qeyd edən diplomat, hazırda Azərbaycanın öz tarixində ən qüdrətli dövrünü yaşadığını söyləyib.

Tədbirdə ümummilli lider haqqında Azərbaycan Televiziyasının istehsalı olan “Vətənə, xalqa həsr edilən ömür” sənədli filmi nümayiş etdirilib, ehsan süfrəsi açılıb.

"Xəbərlər", Azərbaycan Televiziyası