Cəmiyyət

Salyan və Neftçalada 14 fərdi yaşayış evi Qarabag müharibəsi əlilləri və şəhid ailələrinə təqdim edildi

12-12-2017 | 15:53        

  

“Şəhidlər ölməz, Vətən bölünməz!”- deyiblər. Vətən uğrunda döyüşlərdə əlil olan vətəndaşlarımız da bu zirvənin yarısına qədər ucalan şəxslərdir. Odur ki, dövlət nə şəhidlərini unudur, nə də torpaq uğrunda canını fəda edən əlillərini....Ulu öndər Heydər Əliyevin bu strategiyası prezident İlham Əliyev tərəfindən də uğurla davam edir. Salyan və Neftçalada Qarabağ əlilləri və şəhid ailələrinə paylanılan daha 14 fərdi yaşayış evi də bu siyasətin bariz nümunəsidir.

Hər bir vətəndaşına, xüsusən də şəhid ailələri və əlillərə belə nümunəvi münasibətin təməli isə ulu öndər Heydər Əliyev tərəfindən qoyulub. Prezident İlham Əliyevin uğurla davam etdirdiyi bu siyasət bu gün  paytaxtla yanaşı, Azərbaycanın hər bölgəsində, hər şəhər və kəndində gedən inkişaf və yüksəlişlə göz qabağındadır. Dövlət başçısının sərəncamı ilə həyata keçirilən əlil və şəhid ailələrinin  evlə təminatı da  dövlətin həyata keçirdiyi uöurlu sosial layihələrdən biridir. Bu layihə çərçivəsində təkcə Salyan və Neftçala rayonlarında 41 fərdi yaşayış evi inşa edilərək Qarabag müharibəsi əlilləri və şəhid ailələrinə təqdim olunub. Bu gün isə, bu kateqoriyadan olan daha 14 ailə ev sahibi oldu. 

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən paylanılan evlərdən 9-u Qarabag əlili, 5-i isə şəhid ailələrinə qismət oldu.  

Verilən evlərin mübarəkinə qohum-qonşu ilə yanaşı, ictimaiyyət nümayəndələri və Salyan rayonunun icra başçısı Sevindik Hətəmov da gəlib. Ev sahiblərini təbrik edən icra başçısı bildirdi ki, dövlət başçısnın sosial siyasəti sayəsində şəhid ailələri və Qarabağ əlillərinin yaşayış şəraiti ildən ilə yüksəlir. Onların evlə təminatı, pensiya, sosial müavinətlər ilə yanaşı, müasir tələblər səviyyəsində tikilən bərpa-müalicə mərkəzlərində reablitasiyası da təmin olunur.