Siyasət

Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildlik roman-tədqiqatın təqdimatı keçirilib

12-12-2017 | 14:57        

  

Moskvada Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə əlaqədar tədbir keçirilib. Tədbir çərçivəsində Elmira Axundovanın müəllifi olduğu "Heydər Əliyev: Şəxsiyyət və Zaman" adlı üçcildlik kitabın təqdimatı olub. 

Öncə tədbir iştirakçıları, ulu öndər Heydər Əliyevin səfirliyin binasındakı barelyefi önünə gül dəstələri qoydular. Anım tədbirində çıxış edən Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın müdrik rəhbəri, dünya şöhrətli siyasi xadim Heydər Əliyevin ölkəmizdə demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışdı. Anım mərasimi çərçivəsində Milli Məclisin deputatı, yazıçı-publisist Elmira Axundovanın üçcildlik "Heydər Əliyev: Şəxsiyyət və Zaman" adlı kitabının təqdimat mərasimi keçirildi. Heydər Əliyev Fondunun dəstəyi ilə bu il Moskvada nəşr olunan kitabda ulu öndərid həyat və fəaliyyətinin müxtəlif dövrləri əks olunub. Çıxış edən Elmira Axundova kitabın nəşrində göstərdiyi dəstəyə görə, Heydər Əliyev Fondunun rəhbərliyinə təşəkkürünü bildirdi. Daha sonra müəllif kitabda yazdıqları haqqında danışdı.Qeyd olundu ki, ilk kitabda Heydər Əliyevin həyat yolunun başlanğıcından, onun dövlət təhlükəsizlik orqanlarındakı fəaliyyətindən, Azərbaycan SSR-nın rəhbəri seçilməsindən, ikinci kitabda Heydər Əliyevin SSRİ-nin baş katibləri, Yuri Andropov, Konstantin Çernenko və Mixail Qorbaçovla münasibətlərindən, üçüncü kitabda isə Heydər Əliyevin Naxçıvana qayıtmasından, xalqın əzmli tələbi ilə müstəqil Azərbaycanın rəhbərliyinə  gəlməsindən, vətəndaş müharibəsinin qarşısını almasından, ölkənin uçurumdan xilas olmasından bəhs olunur. Daha sonra çıxış edən Dövlət Dumasının Beynəlxalq əlaqələr komitəsinin sədri Leonid Slutski Rusiya xalqının Heydər Əliyevi hər zaman böyük hörmətlə xatırladığını qeyd etdi.Leonid Slutski dedi ki, bu gün çiçəklənən Azərbaycanı Heydər Əliyevsiz təsəvvür etmək olmaz.Komitə sədri əlavə etdi ki, Azərbaycan rəsmi siyasətdə, iqtisadiyyatda, digər ölkələrlə əməkdaşlıqda, o cümlədən Rusiya ilə əlaqələrin inkişafında əminliklə addımlayır. Təqdimatı keçirilən kitablar haqqında da danışan rusiyalı deputat, bildirdi ki, bu üçcildlik, dahi şəxsiyyət haqqında indiyənə kimi yazılan bütün kitabları üstələyir. Bu kitablarda Heydər Əliyevin şəxsiyyəti dərindən təhlil olunub. Çıxış edən Rusiya rəssamlar akademiyasının prezidenti Zurab Tseriteli, Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun professorı Oksana Gaman-Golutvina, Rusiya Neft və Qaz İstehsalçıları Birliyinin sədri Gennadi Şmal, Rusiyanın əməkdar artisti Nikas Safronov və digər qonaqlar Heydər Əliyevin şəxsiyyətindən, Rusiya-Azərbaycan əlaqələrində oynadığı roldan danışdılar.