Xarici xəbərlər

Nyu-Yorkda törədilən partlayışın yeni təfərrüatları üzə çıxıb

12-12-2017 | 13:45        

  

ABŞ-ın Nyu-York şəhərinin Manhetten ərazisində törədilən partlayışın yeni təfərrüatları üzə çıxıb. Hadisəni törədən 27 yaşlı Banqladeş əsilli Akayed Ullanın “İŞİD” terror qruplaşmasının təsiri altında hərəkət etdiyi  məlum olub. Akayed Ullanın evində axtarış apardıqdan sonra xüsusi xidmət orqanlarının əməkdaşları onun partlayıcı qurğunu yaşadığı mənzildə hazırladığı qənaətinə gəliblər. Polis onun təkbaşına hərəkət etdiyini hesab edir. Partlayış ötən gün metro stansiyası və avtovağzalı birləşdirən “Port Authority” nəqliyyat qovşağının ərazisində baş verib. Akayed Ullanın üzərindəki kustar üsulla hazırlanmış partlayıcı qurğunu yeraltı keçiddə işə salması nəticəsində 3 nəfər yaralanıb. Yanıq xəsarətləri alan Ulla xəstəxanaya yerləşdirilib. Hazırda onun polis nəzarətində olduğu bildirilir. Nyu-York meri Bill de Blazio hadisəni terror aktına cəhd kimi xarakterizə edib. Xatırladaq ki, oktyabrın 31-də Nyu-Yorkda terror aktı törədilmişdi. Özbəkistan vətəndaşı Sayfullo Saipovun idarə etdiyi yük avtomobilini piyada və velosipedçilərin üzərinə sürməsi 8 nəfərin həyatına son qoymuşdu.