Xarici xəbərlər

Ankarada Rusiya və Türkiyə prezidentləri arasında görüş keçirilib

12-12-2017 | 11:21        

  

Ankarada Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilib. Tərəflər iqtisadi əməkdaşlıq, Suriyadakı vəziyyət və Yaxın Şərq regionundakı bir sıra digər problemləri müzakirə ediblər. Görüşdən sonra keçirilən mətbuat konfransında Vladimir Putin görüşün konstruktiv keçdiyini, ikitərəfli əməkdaşlıq, o cümlədən strateji iqtisadi-ticarət və hərbi-texniki sahələrdə layihələrin həyata keçirilməsini müzakirə etdiklərini bildirib. Rusiya və Türkiyə prezidentləri müxtəlif sahələrdə əməkdaşlığın uğurla inkişaf etdiyini qeyd ediblər. Tərəflər bildiriblər ki, yüksək səviyyədə mütəmadi görüşlər və ticarət dövriyyəsinin bərpası iki ölkə arasında əməkdaşlığın güclənməsini nümayiş etdirir. Rusiyadan S-400 zenit-raket komplekslərinin alınmasına dair imzalanmış sazişə toxunan Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan təchizat məsələsinin bu həftə ərzində həll olunacağını bəyan edib. Vladimir Putin Türkiyə Prezidenti ilə Suriyadakı vəziyyətin sülh yolu ilə nizamlanması prosesində koordinasiya məsələlərini də müzakirə etdiklərini qeyd edib. Rusiya Prezidenti bildirib ki, onlar Astanada Suriya üzrə 8-ci beynəlxalq görüşə hazırlıq prosesində sıx əməkdaşlıq etməklə bağlı razılığa gəliblər.