Digər

Xarici KİV-də Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev haqqında məqalələr dərc edilib

12-12-2017 | 10:49        

  

Xarici mətbu orqanlarında da Azərbaycan xalqının ümummilli lideri, dünya şöhrətli siyasətçi və dövlət xadimi Heydər Əliyevin zəngin, mənalı həyat və fəaliyyətini əks etdirən məqalələr dərc olunub.

Türkiyənin çoxtirajlı “Yeniçağ” qəzetində dərc olunan məqalədə müəllif Ulu Öndər Heydər Əliyevin “Bir millət, iki dövlətik” ifadəsini işlədərək bildirilir ki, illər ötdükcə bu fikir öz təsdiqini daha mükəmməl şəkildə tapır. Yazıda Ulu Öndərin Azərbaycan xalqı qarşısındakı tarixi xilaskarlıq missiyası, ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə həyata keçirilən beynəlxalq layihələrin Azərbaycan və Türkiyə daxil olmaqla böyük bir coğrafiyanın inkişafına təsiri, bu layihələr əsasında gerçəkləşən və hazırda icra edilən digər strateji layihələr barədə geniş məlumat verilir. Müəllif Ulu öndər Heydər Əliyev barədə görkəmli şəxsiyyətlərin ifadə etdikləri fikirlərdən sitatlar gətirir. Diqqətə çatdırılır ki, Azərbaycan-Türkiyə münasibətlərinin inkişafına xüsusi əhəmiyyət verən dunya şöhrətli lider Heydər Əliyevin həyata keçirdiyi beynəlxalq əhəmiyyətli layihələr iki qardaş ölkənin işıqlı gələcəyinə xidmət edir. Bu cür layihələrin Ulu Öndərin siyasi kursunun davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə bu gün də uğurla icra olunduğunu qeyd edən müəllif bildirib ki, bunlardan biri də 2017-ci il oktyabrın 30-da istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttidir. Qətərin “The Peninsula” qəzetində dərc olunan yazıda isə Heydər Əliyevin ömrünü bütünlüklə öz ölkəsinin və xalqının inkişafına, firavanlığına həsr etmiş böyük tarixi lider və siyasi xadim olduğu bildirilir. Azərbaycanın üzləşdiyi ağır günlərdə xalqın tələbi ilə yenidən rəhbərliyə gələn Heydər Əliyevin 1993-cü və 1998-ci illərdə iki dəfə Azərbaycan Respublikasının Prezidenti seçildiyi oxucuların diqqətinə çatdırılır. Məqalədə Azərbaycanın yeni tarixinin 30 ildən çoxunun, ölkənin siyasi, iqtisadi və mədəni həyatının yenidən dirçəlişinin Heydər Əliyevin adı ilə bağlı olduğu, onun yürütdüyü uzaqgörən daxili və xarici siyasət nəticəsində Azərbaycanın bu gün Şərq və Qərb arasında etibarlı tərəfdaşa çevrildiyi qeyd edilir. Heydər Əliyevin bütün azərbaycanlıların yaddaşında və qəlbində yaşadığı, onun öz ideyaları və Azərbaycanın inkişafı naminə gördüyü işləri ilə həmişə yaşayacağı qeyd edilir.

“Xəbərlər”, Azərbaycan Televiziyası