İqtisadiyyat

Ölkədə 199 min 818 ton pambıq tədarük edilib

11-12-2017 | 16:06        

  

Azı 200 min ton pambıq yığılması barədə mövsümün əvvəlində müəyyən olunan hədəfə çatmaq üçün təxminən 200 kiloqram qalıb. Amma bu, dekarbrın 11-nə qədərki nəticədir. Dekabrın 11-nin statistik rəqəmlərini bura əlavə edəndə tam əminliklə demək olar ki, artıq ölkə üzrə 200 min ton pambıq yığılıb. Amma yığım hələ davam edir. Ona gərə də bu rəqəm artacaq. Pambıq yığımında yüksək nəticə göstərən Sabirabad rayonunun da öz göstəricilərini artırmaq inkanları çoxdur.

Azərbaycanın ağ qızıl əfsanəsinin reallaşmasına sayılı günlər qaldı. 200 min ton hədəfə çatmaq üçün artıq kiloqramlar çatışmır. Belə ki, indiyədək ölkə üzrə pambıq qəbulu məntəqələrinə 199 min 818  ton “ağ qızıl” təhvil verilib. Dövlət Statistika Komitəsinin məlumatında belə deyilir. Bu zəhmət marafonunda mövsüm başlayandan Saatlı liderliyi əldən vermir. Rayon pambıqçıları 25 min 455,60 ton ağ qızıl tədarük ediblər. Biləsuvarda 24 min 270,94, Bərdədə isə 21 min 663,44 ton pambıq yığılıb. Sabirabadlılar da pambıq yığımında öz sıralardadırlar. Bu il 15 min hektardan çox sahədə pambıq becərən sabirabadlılar hələlik 17 min 625,63 ton məhsul yığıblar. Tarlalarda  hələ pambıq boldur. Odur ki, ağ qızılı əkib-becərməkdə böyük təcrübəyə malik olan yerli fermerlər mövsümün sonunadək bu göstəricini xeyli artıracağlarına əmindirlər. 

Bu məqsədə çatmaq üçün dövlət mövsümün əvvəlindən fermerləri güzəştli qiymətə keyfiyyətli toxum, gübrə və texnika ilə tam təmin edib. Sahələrin suvarılmasında da problem yaşanmayıb. Sabirabadın Moranlı və Qaratəpə kəndlərində bu il yeni pambıq qəbulu məntəqələrinin istifadəyə verilməsi fermerləri yığılan pambığı uzaq məsafələrə daşımaq əziyyətindən və əlavə xərclərdən də xilas edib. Eyni zamanda əlavə iş yerləri də yaranıb.

Sabirabadda yeni “H” kanalının tam işə düşməsindən sonra isə bu ərazilərdə uzun illər örüş və otlaq sahəsi kimi istifadə olunan  torpaq sahələri  də əkin dövriyyəsinə qaytarılacaq. Odur ki, gələn mövsümdə rayon adını Azərbaycanın ağ qızıl salnaməsinə yeni rekord göstəricilərlə yazmağa iddialıdır.