Bölgələr

Zaqatala Telekommunikasiya Qovşağının inzibati binası istifadəyə verilib

11-12-2017 | 12:24        

  

Zaqatala Telekommunikasiya Qovşağının inzibati və texnoloji binası əsaslı şəkildə yenidən qurularaq, ən müasir avadanlıqla təchiz olunub. Rekonstruksiya işləri başa çatdırılan bina artıq istifadəyə verilib.

Yenilənmiş bina zaqatalılara bütün poçt və telekommunikasiya xidmətlərindən ən müasir standartlara uyğun şəkildə faydalanmaq imkanı yaradıb. Əsaslı şəkildə yenidən qurulan binada avadanlıqlar vasitəsilə əməliyyat xərclərinə də 30 faizə qədər qənaət olunacaq. Bu isə müştərilər üçün də sərfəlidir.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə Qovşaqda yaradılan şəraitlə tanış olub. Qovşağın kompüter parkı, Elektron Hökumət Təlim-Tədris Mərkəzi müasir avadanlıqla tam yenilənib, tədbir və konfransların keçirilməsi üçün konfrans zalı istifadəyə verilib.

Binada yeni “Şəbəkə” xidmət mərkəzi yaradılıb. İstənilən poçt xidmətləri, telefon çəkilməsi, internetə qoşulma, IMEI qeydiyyat, “Elektron hökumət”, “Elektron imza”, valyuta mübadiləsi, poçtamt xidməti, aviabiletlərin və turpaketlərin satışı və daha nələr-nələr... Zaqatalalıların telekommunikativ anlamda həyatını maksimal asanlaşdıracaq bu faydalı şəbəkədə “E-Gov Pay” ödəmə sistemi də fəaliyyət göstərir. Onun vasitəsilə kommunal xərcləri və digər ödənişləri bir göz qırpımında etmək mümkündür. Elə tam 21-ci əsrin sürətinə uyğun olaraq.

Qovşaq yenilənsə də, burada əsas prinsip əvvəlki qalıb – istisnasız bütün müştəriləri gülərüz qarşılamaq və məmnun yola salmaq. Əgər nəzərə alsaq ki, Zaqatalada yalnız 23 min sabit telefon abunəçisi var, bu heç də asan vəzifə deyil. Axı rayon dağlıq zonada yerləşir və iqlimi də yetərincə sərtdir. Amma qovşaqda yaradılan müasir infrastruktur təbiətin ən kəskin sürprizlərinə hazırlıqlı olaraq, kommunikativ xətlərin qırılma ehtimalını minimuma endirir və ən ucqar kəndlərdə də internet xidmətinin dayanıqlı olmasına zəmin yaradır. Yeri gəlmişkən, quraşdırılan ən modern avadanlıqlar və yüksək texnologiyalara çıxış hazırda 60 faizi internet istifadəçisi olan zaqatalalıların sayını sürətlə artırmaq imkanı verəcək.