Siyasət

Jan Perren: “Bu gün Azərbaycan öz uğurlarını Heydər Əliyevin qoyduğu sağlam təməl üzərində inkişaf etdirməkdədir”

11-12-2017 | 12:07        

  

Ümummilli lider Heydər Əliyev Azərbaycana sabitlik, iqtisadi yüksəliş və rifah bəxş etdi. Bu günkü güclü Azərbaycan məhz bu tarixi şəxsiyyətin müəyyən etdiyi yolla yüksəlməkdədir. Bu fikirlər Parisdə Azərbaycan Mədəniyyət Mərkəzində ümummilli lider Heydər Əliyevin xatirəsinə həsr edilən anım mərasimində səsləndirildi.

Ölkəmizin Fransadakı səfiri Rəhman Mustafayev ulu öndərin həyat yolu haqqında ətraflı məlumat verdi. Bildirdi ki, xalqın tələbi ilə hakimiyyətə qayıdan Heydər Əliyev elə xalqın dəstəyinə arxalanaraq ölkəmizi məhv olmaq təhlükəsindən xilas etdi, sabit inkişaf yoluna çıxardı. Dövlətçiliyimizin memarı olan Heydər Əliyevin məqsədyönlü siyasəti nəticəsində  müstəqillik illərində Azərbaycan inkişaf edərək regionun lider dövlətinə çevrilib. Azərbaycanın Avropanın enerji təhlükəsizliyində əvəzedilməz yer tutması da məhz Ümummilli Liderin hakimiyyəti dövründə mümkün olub. Vurğulandı ki,Heydər Əliyevin uğurlu neft strategiyası, siyasi və iqtisadi islahatlar nəticəsində Bakıda "Əsrin müqaviləsi" adlanan beynəlxalq saziş imzalanıb. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərləri Ulu Öndərin uğurlu siyasətinin bəhrəsidir.

Fransanın Azərbaycanda sabiq səfiri Jan Perren ümummilli lider Heydər Əliyevlə görüşlərindən danışdı, onunla bağlı  xatirələrini bölüşdü. Fransalı diplomat Heydər Əliyevin bütün Avropada, xüsusilə də Fransada böyük nüfuza malik bir siyasətçi olduğunu, daim dərin hörmətlə anıldığını diqqətə çatdırdı: "Heydər Əliyevlə ilk tanışlığımız 1993-cü ildə Naxçıvanda olub. Azərbaycanın ən çətin vaxtları idi. Heydər Əliyev çox çətin şəraitdı işləyirdi. Amma ilk dəfə bu şəxsiyyətlə görüşəndən sonra, Azərbaycan xalqının gələcəyinə inanmağa başladım. Anladım ki, Heydər Əliyev kimi müdrik şəxsiyyət öz xalqını bu dərin böhrandan çıxara biləcək. Tarix mənim fikirlərimi təsdiq etdi. Bu gün Azərbaycan öz uğurlarını Heydər Əliyevin qoyduğu sağlam təməl üzərində inkişaf etdirməkdədir".

Anım mərasimində Ümummilli Lider Heydər Əliyevin sevdiyi melodiyalar ifa olundu.