Siyasət

Azərbaycanın Qazaxstandakı səfirliyinin nəzdində Heydər Əliyev muzeyinin açılışı olub

11-12-2017 | 11:43        

  

“Azərbaycan və Qazaxıstan arasında həllini tapmayan heç bir problemli məsələ yoxdur. Ulu öndər Heydər Əliyevlə prezident Nursultan Nazarbayev tərəfindən əsası qoyulan əməkdaşlıq münasibətləri strateji əhəmiyyət daşıyır”. Bu fikirlər Qazaxıstanda ümumilli lider Heydər Əliyevin xatirə gününə həsr olunan mərasimdə səslənib. 

Astanada Azərbaycanın Qazaxıstandakı Səfirliyinin təşkilatçılığı ilə Ümumilli lider Heydər Əliyevin xatirə günü keçirildi. Tədbir iştirakçıları əvvəlcə Ulu öndərin həyat və fəaliyyətinin  müxtəlif dövrlərini əhatə edən foto sərgi ilə tanış oldular. Böyük şəxsiyyət Heydər Əliyevin Azərbaycan dövlətinin qurulmasında, qüdrətlənməsində və müstəqilliyinin möhkəmləndirilməsində müstəsna xidmətlərinin vurğulayan Azərbaycanın Qazaxıstandakı səfiri Rəşad Məmmədov onun müəyyənləşdirdiyi sülh strategiyası, mehriban qonşuluq və dostluq siyasətinin bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini diqqətə çatdırdı. Diplomatın sözlərinə görə, məhz ulu öndər Heydər Əliyevlə Qazaxıstan prezidenti Nursultan Nazarbayevin sağlam təməllər üzərində qurduqları münasibətlərin nəticəsində, bu gün iki ölkə qırılmaz qardaşlıq telləri ilə bir-birinə sıx bağlanıb. Azərbaycanla Qazaxıstanın beynəlxalq arenada birgə fəaliyyət göstərdiyini və əməkdaşlıq etdiyi də bildirdi. Qeyd olundu ki, bu yaxınlarda Azərbaycan və Qazaxıstan Hökumətlərarası Komissiyasının 14-cü iclasının yekun sənədlərinin və əməkdaşlığın “Yol xəritəsi”nin imzalanması da iki ölkə liderlərinin siyasi kursunun nəticəsidir. Digər çıxış edənlər də Azərbaycan-Qazaxıstan münasibətlərinin strateji tərəfdaşlıq səviyyəsinə çatdırılmasından danışdılar. Xaricdə Azərbaycan diasporunun təşkilatlanması və inkişafında, milli birliyin ideoloji əsası olan azərbaycançılıq ideyası və məfkurəsinin formalaşmasında da ulu öndərin əvəzsiz xidmətlərindən söz açıldı. Tədbir çərçivəsində səfirliyin nəzdində Heydər Əliyevin muzeyinin açılışı oldu. Muzeydə Ulu öndərin həyatı və fəaliyyətinin müxtəlif dövrlərini əhatə edən, Heydər Əliyev şəxsiyyətinin ucalığını, dünya siyasətindəki yerini və rolunu, türk dünyası qarşısında əvəzsiz xidmətlərini və Azərbaycandakı tarixi xilaskarlıq missiyasını tərənnüm etdirən foto və sənədlər nümayiş olunur. Sonda Ümummilli liderin xatirəsinə həsr olunan “Əbədiyyət” sənədli filmi nümayış etdirildi.

"Xəbərlər", Azərbaycan Televiziyası