Siyasət

Ulu öndər Heydər Əliyevin xatirəsi Yaxın Şərq ölkələrində hörmət və ehtiramla anılır

11-12-2017 | 11:38        

  

Vəfatının 14-cü ildönümündə ulu öndər Heydər Əliyevin xatirəsi Yaxın Şərqin bir sıra dövlətlərində hörmət və ehtiramla anılır. 

Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Abu Dabidə ümumilli lider Heydər Əliyevin vəfatının 14-cü ildönümü ilə bağlı tədbir keçirildi, ulu öndərin xatirəsi ehtiramla yad edildi. Anım mərasimində səfirlik rəsmiləri, ölkəmizin Dubaydakı Baş konsulluğunun əməkdaşları, diaspora nümayəndələri, ziyalılar və Ərəb Əmirliklərdə yaşayan soydaşlarımız iştirak etdilər. Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki səfiri Daşqın Şikarov ulu öndər Heydər Əliyevin çoxşaxəli siyasi fəaliyyətinin müasir Azərbaycan tarixindəki yeri və rolundan danışdı. Diplomat dedi ki, Heydər Əliyev xalqı həqiqi müstəqilliyə qovuşduraraq ictimai şüurda əbədiyaşarlıq zirvəsinə yüksəldi. Şərəfli və mənalı ömür yolunun böyük hissəsini Azərbaycan xalqının tərəqqisinə həsr etmiş ümumilli lider müstəqil dövlətçiliyimizin ideoloji-siyasi əsaslarını yaratdı. Ölkəmizin Dubay Əmirliyindəki Baş konsulu Pərviz İsmayılzadə müasir Azərbaycanın qurucusu, görkəmli siyasi xadim Heydər Əliyevin demokratik, hüquqi dövlət quruculuğu istiqamətində həyata keçirdiyi uğurlu siyasətdən danışdı. O, ulu öndərin keçdiyi şanlı həyat yoluna nəzər salaraq, yüksək dövlət vəzifələrində çalışdığı müddətdə həyata keçirdiyi irimiqyaslı layihələrə diqqət çəkdi. Azərbaycanın Yaxın Şərq ölkələrilə dostluq və əməkdaşlıq münasibətlərinin inkişafı da məhz Heydər Əliyevin tarixi fəaliyətinin nəticəsidir. Çıxışlarda prezident İlham Əliyevin rəhbərliyilə əldə olunan müasir iqtisadi-sosial uğurların Heydər Əliyev uzaqgörənliyinin bəhrəsi olduğu vurğulandı. Qeyd edildi ki, son 14 ildə Azərbaycanın keçdiyi dinamik inkişaf yolu, geostrateji əhəmiyətli siyasi-iqtisadi, enerji və nəqliyat layihələri buna əyani sübutdur. Müasir Azərbaycanın tərəqqisi ulu öndərin dərin dövlətçilik təcrübəsi və vətənə sədaqət prinsipləri üzərində inşa etdiyi siyasi kursun nəticəsidir. Müstəqil Azərbaycanın qazandığı tarixi uğurlar yüksək qiymətləndirilməli, gələcək nəsillərə aşılanmalıdır. Sonda ulu öndərin çoxillik siyasi fəaliyətini əks etdirən filmə baxıldı.