Rəsmi xronika

“Azərxalça” ASC-nin növbəti filialı Quba şəhərində açıldı

07-12-2017 | 13:42        

  

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva dekabrın 7-də “Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin Quba filialının açılışında iştirak ediblər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva filialın rəmzi açılışını bildirən lenti kəsdilər.

“Azərxalça” Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Vidadi Muradov dövlətimizin başçısı İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya burada görülən işlərlə bağlı ətraflı məlumat verdi. Bildirildi ki, “Azərxalça” ASC-nin Quba filialının binasının ümumi sahəsi 1300 kvadratmetrdir. Burada 150 toxucu və 12 inzibati-təsərrüfat işçisi çalışacaq. Bina toxuculuq emalatxanası, rəssam otağı, anbar, yeməkxana, tibb otağı, xalça-satış salonu və digər bölmələrdən ibarətdir. Emalatxanadakı müxtəlif ölçülü 43 dəzgahda əsasən Quba, Qusar, Xaçmaz, Siyəzən, Şabran rayonlarının kəndlərində hazırlanmış tarixi və orijinal Şirvan çeşniləri əsasında xalçaların toxunmasına üstünlük veriləcək. Bu çeşnilər dünya muzeylərində, şəxsi kolleksiyalarda mühafizə olunan, həmçinin respublikanın ayrı-ayrı bölgələrindən toplanılan qədim xalçalar əsasında “Azərxalça”nın rəssamları tərəfindən hazırlanıb. Emalatxana zəruri xammal və ləvazimatlarla - müxtəlif rəngli yun iplərlə, həvə, qayçı, bıçaq kimi alətlərlə təmin edilib.

Dövlətimizin başçısına məlumat verildi ki, buradakı toxucular Quba şəhərinin və rayonun ayrı-ayrı kəndlərinin sakinləridir. Onlar bir neçə ay ərzində “Azərxalça”nın hazırlıq-tədris kurslarında iştirak edib, xalçaçılıq üzrə bacarıq və vərdişlərini təkmilləşdiriblər. Tədris-hazırlıq kursu filial fəaliyyətə başladıqdan sonra da öz işini davam etdirəcək və bu kursun məzunları “Azərxalça” ASC-nin tədris sertifikatını alacaqlar. Filialın xalça-satış salonunda isə “Azərxalça” ASC-də toxunan xalça və xalça məmulatlarının sərgisi və satışı həyata keçiriləcək.

Qeyd edək ki, Azərbaycan xalçaları bütün dövrlərdə dünyanı heyran qoyub. Bu baxımdan milli naxışlarımızın şöhrəti dünyanı qarış-qarış gəzib, daim böyük diqqətə səbəb olub. Buna görə də hazırda Azərbaycanda xalçaçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətimizin başçısının həmin sahənin daha da inkişafı ilə bağlı qəbul etdiyi qərarlar isə bu baxımdan xüsusilə əhəmiyyətlidir. Prezident İlham Əliyevin Sərəncamı ilə “Azərxalça” ASC-nin yaradılması bu istiqamətdə dövlət tərəfindən görülən işlərin məntiqi davamıdır. Bu qurumun əsas məqsədi xalça və xalça məmulatlarının istehsalı, ixracı, onların ölkə daxilində və xaricdə satışının təşkilidir. Bununla yanaşı, “Azərxalça” ASC xalça və xalça məmulatlarının istehsalında yeni texnologiyaların tətbiqi, maddi-texniki bazanın müasirləşdirilməsi və ondan səmərəli istifadə, habelə bu sahənin inkişafı ilə bağlı digər işlərin yerinə yetirilməsini də qarşısına məqsəd qoyub. İlkin mərhələdə “Azərxalça”nın bir neçə rayonda filiallarının yaradılması nəzərdə tutulurdu. ASC-nin ilkin mərhələdə yaradılması nəzərdə tutulan 10 filialından ikisi - Füzuli və Şəmkir rayon filialları artıq tam gücü ilə fəaliyyət göstərir. Hər iki filialın Prezident İlham Əliyevin iştirakı ilə istifadəyə verilməsi dövlətimizin başçısının bu sahəyə göstərdiyi diqqətin nümunəsidir. Hazırda digər filialların binalarının tikintisi davam etdirilir. Bundan başqa, yerlərdə “Azərxalça”nın xalçaçılıq üzrə hazırlıq-tədris kursları, ustad dərsləri təşkil edilib, işçi potensialının öyrənilməsi və gücləndirilməsi üçün müvafiq tədbirlər görülüb. Bütün bu işlər Azərbaycanda xalçaçılığın inkişafına böyük təkan verəcək, həmin sahəni stimullaşdıracaq, gənclər arasında xalçaçılığa olan marağı daha da artıracaq.

Sonra dövlətimizin başçısı filialın xalçaçıları ilə görüşdü.

Sonda xatirə şəkli çəkdirildi.