İdman

UEFA Çempionlar Liqası: “A”, “B”, “C” və “D” qruplarında mübarizəyə yekun vurulub

06-12-2017 | 10:43        

  

Dekabrın 5-də UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsində “A”, “B”, “C” və “D” qruplarında mübarizəyə yekun vurulub.

Avropanın ən nüfuzlu klub turnirində ilk dəfə mübarizə aparan Ağdamın “Qarabağ” komandası səfərdə “Roma”ya minimal hesabla məğlub olub – 0:1. Bu qrupun digər oyununda isə “Çelsi” klubu Londonda Madridin “Atletiko” komandasının müqavimətini qıra bilməyib – 1:1. Beləliklə, “Roma” və “Çelsi” 11 xalla qrup birincisi və ikincisi kimi səkkizdəbir finala yüksəliblər. Aktivində 7 xal olan “Atletiko” mübarizəni Avropa Liqasında davam etdirəcək. İki xal toplayan “Qarabağ” isə UEFA Çempionlar Liqasında mübarizəni dayandırıb.

“A” qrupunda “Mançester Yunayted” doğma meydanda Moskvanın MOİK komandası ilə görüşdə hesabda geri düşsə də, üç dəqiqə ərzində vurduğu iki qolla oyunu qələbə ilə başa vurub – 2:1. Bu qrupun digər qarşılaşmasında İsveçrənin “Bazel” komandası səfərdə Portuqaliyanın “Benfika” klubunun qapısından iki cavabsız top keçirib. Bununla da “A” qrupunda 15 xal toplayan “Mançester Yunayted” birinci, “Bazel” isə 12 xalla ikinci olublar. Hesabında 9 xal olan MOİK UEFA Avropa Liqasında çıxış edəcək.

Günün ən maraqlı qarşılaşması “B” qrupunda yer alan “Bavariya” və “PSJ” komandaları arasında oynanılıb. “Bavariya” inamlı oyun nümayiş etdirərək 3:1 hesabı ilə qalib gəlib. Münxenlilər “PSJ” ilə xallarının sayını bərabərləşdirsələr də, parislilər top fərqinə görə qrupu ilk sırada tamamlayıblar. Digər oyunda isə Belçikanın “Anderlext” komandası səfərdə Şotlandiyanın “Seltik” klubunu minimal hesabla məğlub edib. Lakin bu, belçikalıların UEFA Avropa Liqasına vəsiqə qazanmasına kifayət etməyib.

“D” qrupunun lideri “Barselona” doğma arenada – “Nou Kamp”da Portuqaliyanın “Sportinq” klubunu 2:0 hesabı ilə məğlub edərək 14 xalla qrupu ilk sırada başa vurub. Qrupun ikincisi “Yuventus” isə səfərdə Yunanıstanın “Olimpiakos” komandasını oyuna iki dəfə mərkəzdən başlamağa məcbur edib. Beləliklə, “D” qrupundan “Barselona” və “Yuventus” mübarizəni UEFA Çempionlar Liqasında, “Sportinq” isə Avropa Liqasında davam etdirəcək.

UEFA Çempionlar Liqasının qrup mərhələsinə bu gün yekun vurulacaq. Bakı vaxtı ilə saat 23:45-də “E”, “F”, “G” və “H” qruplarında yer alan komandalar üz-üzə gələcəklər.

Səkkizdəbir final mərhələsinin püşkü dekabrın 11-də atılacaq.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (15.10.2018) :
Aydın Gecə : +15+17 | Gündüz: +22+24
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0263 | Satış: 0.0276

Avro:
Alış: 1.9423 | Satış: 2.0011
AzTV TƏQDİM EDİR