İqtisadiyyat

Bakıda XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgisi açılıb

05-12-2017 | 14:36        

  

Dekabrın 5-də Bakı Ekspo Mərkəzində informasiya və kommunikasiya texnologiyaları (İKT) sahəsi üzrə ən böyük ixtisaslaşmış tədbir – “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransı işə başlayıb. Bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start verilib.

Nəqliyyat, rabitə və yüksək texnologiyalar naziri Ramin Quluzadə “Bakutel-2017” XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları sərgi və konfransının açılışı münasibətilə iştirakçıları təbrik edib, onun işinə uğurlar arzulayıb.

Nazir qeyd edib ki, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən müəyyən edilən yeni inkişaf strategiyası sayəsində ölkəmiz hazırda sürətli iqtisadi inkişaf tempinə, müasir və dayanıqlı infrastruktura, geniş kommunikasiya imkanlarına və əlverişli investisiya mühitinə malik olan ölkə kimi dünyanın diqqətini özünə cəlb etməkdədir.

Əminəm ki, sərgi-konfrans çərçivəsində keçirilən görüşlər, aparılan müzakirələr qarşılıqlı faydalı əməkdaşlığa və İKT sektorunun gələcək inkişafına öz dəyərli töhfəsini verəcək.

“Caspian Event Organisers” şirkətinin direktoru Edvard Stroon bildirib ki, “Bakutel-2017” sərgisində dünyanın 20 ölkəsindən 192 şirkət iştirak edir. Sərgi iştirakçıları arasında aparıcı İKT şirkətləri, Azərbaycanın mobil rabitə operatorları, internet provayderləri, sistem inteqratorları və tanınmış brendlərin distribüterləri yer alıb.

Sərginin açılış mərasimində Beynəlxalq Telekommunikasiya İttifaqının baş katibi Houlin Zhao, Türkiyənin nəqliyyat, dənizçilik və kommunikasiya naziri Əhməd Arslan, Rusiyanın rabitə və kütləvi kommunikasiyalar naziri Nikolay Nikiforov, İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi iştirak ediblər.

“Bakutel-2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” şirkəti çıxış edir.

Sərgidə Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ), Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunur. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil IT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunur. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edir. Bu il debütantlar sərgi iştirakçılarının 30 faizini təşkil edirlər. Sərgiyə ilk dəfə qatılan iştirakçılar arasında “BMC Software”, “Hikvision”, “Qmatic”, “Nexus Telecom” və digər yerli şirkətlər var.

Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə xarici ölkələrin milli pavilyonlarla təmsil olunması “Bakutel” sərgisinin ənənəsinə çevrilib. Bu il dünyanın 10 ölkəsi – Rusiya, BƏƏ, İran, İtaliya, Fransa, Kanada, Sloveniya, Türkiyə, Gürcüstan və Xorvatiya milli pavilyonlarında innovativ layihələr, eləcə də İKT sahəsində məhsul və xidmətlərini təqdim edəcəklər.

“Bakutel-2017” sərgisinin ikinci günü “Əlaqəli dünyada yeni imkanlar” mövzusunda konfrans keçiriləcək.

Qeyd edək ki, dekabrın 8-dək davam edəcək sərgi saat 9:00-dan 18:00-dək ziyarətçilərə açıq olacaq. Sərgidə iştirakçı və ziyarətçiləri işgüzar görüşlər, müzakirələrlə yanaşı, müxtəlif əyləncəli proqramlar, sürprizlər, maraqlı müsabiqə və viktorinalar gözləyir.