Siyasət

Bakıda Birləşmiş Ərəb Əmirliklərinin milli bayramı qeyd edilib

05-12-2017 | 09:00        

  

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) milli bayramı – Müstəqillik Günü münasibətilə dekabrın 4-də bu ölkənin Azərbaycandakı səfirliyi rəsmi qəbul təşkil edib.

Hər iki ölkənin dövlət himnləri səsləndirildikdən sonra səfir Mohamed Hamel Alqubaisi çıxış edərək BƏƏ-nin inkişaf tarixi barədə məlumat verib. O deyib ki, Birləşmiş Ərəb Əmirlikləri və Azərbaycan arasında əlaqələr qarşılıqlı hörmətə, dostluğa və qardaşlığa, bunu daha da gücləndirən İslam irsinə və müştərək tarixə əsaslanır.

Diplomat ikitərəfli əməkdaşlığın genişlənməsində yüksək səviyyəli qarşılıqlı səfərlərin böyük rol oynadığını vurğulayıb. O, ölkələrimiz arasında iqtisadi əlaqələrin son illərdə genişləndiyini qeyd edib. Səfir münasibətlərimizin gələcəkdə daha da möhkəmlənəcəyinə əminliyini bildirib.

Azərbaycan hökuməti adından Birləşmiş Ərəb Əmirlikləri xalqını milli bayram münasibətilə təbrik edən xarici işlər nazirinin müavini Mahmud Məmməd-Quliyev ölkələrimiz arasında əlaqələrin yüksək səviyyədə olduğunu söyləyib. O, Azərbaycanın və Birləşmiş Ərəb Əmirliklərinin mövqelərinin beynəlxalq məsələlərdə üst-üstə düşdüyünü diqqətə çatdırıb.

Nazir müavini Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri birgə hökumətlərarası komissiyasının fəaliyyətinin əlaqələrimizin inkişafında rolunu qeyd edib. O vurğulayıb ki, yeni tərəfdaşlıq əlaqələrinin qurulması istiqamətində həyata keçirilən tədbirlər, təşkil edilən sərgilərdə və forumlarda birgə iştirak iqtisadi əməkdaşlığımızın inkişafının bariz nümunəsidir.

Qəbulda rəsmi şəxslər, Milli Məclisin deputatları, diplomatlar, jurnalistlər, ictimaiyyətin nümayəndələri iştirak ediblər.