İqtisadiyyat

“Bakutel-2017”də 20 ölkədən 192 şirkət iştirak edəcək

04-12-2017 | 13:29        

  

“Bakutel-2017” sərgisində 20 ölkədən 192 şirkət iştirak edəcək.

Bu barədə dekabrın 4-də sərgi ilə bağlı keçirilən mətbuat konfransında nəqliyyat, rabitə və yüksək texnologiyalar nazirinin müavini Elmir Vəlizadə məlumat verib. O bildirib ki, dekabrın 5-də Bakı Ekspo Mərkəzində XXIII Azərbaycan Beynəlxalq Telekommunikasiya və İnformasiya Texnologiyaları (“Bakutel-2017”) sərgi və konfransı işə başlayacaq və bununla da “Yüksək Texnologiyalar Həftəsi”nə start veriləcək. “Bakutel 2017” sərgisi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi, Beynəlxalq Telekommunikasiya İttifaqı, Azərbaycanda İxracın və İnvestisiyaların Təşviqi Fondu (AZPROMO) və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının dəstəyi ilə keçirilir. Sərginin təşkilatçısı qismində “Caspian Event Organisers” (“CEO”) şirkəti çıxış edir.

Məlumat verilib ki, iştirakçılar arasında Azərbaycanın aparıcı İKT şirkətləri, mobil və rabitə operatorları, internet provayderləri, sistem inteqratorları, tanınmış brendlərin distribüterləri, eləcə də teleradio yayım şirkətləri yer alacaq. Sərginin ekspozisiyası çərçivəsində yeni nəsil IT üzrə həll variantları, milli genişzolaqlı internet, 4G-5G mobil texnologiyalar, optik lifli texnologiya və “bulud” texnologiyaları üzrə xidmətlər təklif olunacaq. Tədbir iştirakçılarının 40 faizini “Bakutel” sərgisinin daimi eksponentləri təşkil edəcək.

Qeyd edilib ki, “Bakutel 2017” sərgisində Azərbaycanla yanaşı, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Finlandiya, Fransa, İsveç, Niderland Krallığı, Türkiyə və digər ölkələr təmsil olunacaq. Bu ölkələrin tədbirdə iştirakı Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin fəal dəstəyi ilə reallaşdırılır.

Bildirilib ki, sərginin dörd iş günü ərzində dolğun və çoxtərəfli işgüzar tədbirlər proqramı təşkil olunacaq. Tədbirdə müxtəlif konfrans və görüşlərin keçirilməsi də planlaşdırılır. Həmçinin “Bakutel-2017” sərgisi çərçivəsində “B2B” formatlı görüşlər keçiriləcək. Bu tədbirlər çərçivəsində sərgi iştirakçıları və peşəkar ziyarətçilər ikitərəfli görüşlər keçirmək imkanı əldə edəcəklər. İşgüzar görüşlər və danışıqlarla yanaşı, sərginin bütün ziyarətçi və iştirakçılarını xoş sürprizlər, eləcə də müsabiqə və viktorinalar gözləyir.