Siyasət

Avropa İnsan Haqları Məhkəməsi erməni mif yaradıcılığı barədə növbəti qərar çıxarıb

04-12-2017 | 09:10        

  

Noyabrın 28-də Avropa Femidası məhdud etnik mif yaradıcılığı üzərində özünün növbəti qələbəsini qeyd edib. Avropa İnsan Haqları Məhkəməsi (AİHM) “Mərcan və başqaları İsveçrəyə qarşı” işi üzrə qəti hökm çıxararaq belə adlandırılan “erməni soyqırımı”nı inkar etməkdə ittiham olunan üç türk (Əli Mərcan, Həsən Kemaxlı, Ədhəm Kayalı) barəsində İsveçrə məhkəməsinin qərarını bu şəxslərin hüquqlarının pozulması hesab edib.

Elə həmin İsveçrə məhkəməsi ilə diskussiyada özünün haqlı olmasını müvəffəqiyyətlə sübut etmiş və bu məsələdə dünyaya hüquqi presedenti vermiş Doğu Perinçek ilə bağlı halda olduğu kimi, bu dəfə də AİHM elmi mühitdə 1915-ci il hadisələri barəsində konsensus olmadığını və müxtəlif fikirlər mövcud olmasını təsdiq etdi, həmçinin bu hadisələrlə Holokost arasında dəqiq tarixi və hüquqi ayırıcı hədd olduğunu göstərərək bildirdi ki, 1915-ci il hadisələrindən fərqli olaraq, Holokost məhkəmə tərəfindən müəyyən edilmiş tarixi faktdır və onun inkar edilməsi cinayətdir.

Beləliklə, məhkəmə “erməni soyqırımı” haqqında narrativin tarixi və ya hüquqi fakt kimi deyil, rəy kimi statusunu təsdiq etməklə, iddiaçıların bu narrativlə razılaşmadığına və onu inkar etdiyinə görə İsveçrə tərəfindən təqib olunmasını İnsan Hüquqlarının Müdafiəsi haqqında Avropa Konvensiyasının 10-cu maddəsi ilə zəmanət verilmiş özünüifadə azadlığının pozulması hesab etdi.

Qərar məhkəmə kollegiyası tərəfindən yekdilliklə qəbul edildi və 2015-ci ilin oktyabrında “Perinçek İsveçrəyə qarşı” işində qərardan sonra yaranmış vəziyyətdən fərqli olaraq, bu dəfə məhkəmə kollegiyasının ayrı-ayrı üzvləri tərəfindən heç bir əlavə bəyanat səslənmədi. Əvvəlki presedentdən daha bir fərq ondan ibarətdir ki, bu dəfə məhkəmə İsveçrənin iddiaçılara 4988 avro və 25 min 156 avro məbləğində təzminat ödəməsini qərara alıb.

Amma Perinçekin iddiası üzrə prosesdən ən mühüm fərq ondan ibarətdir ki, bu dəfə Ermənistan və erməni diasporu İsveçrə hökumətinə təzyiq göstərmir ki, o, birinci instansiya məhkəməsinin qərarına etiraz etsin. Ermənistan həm də öz məğlubiyyətləri ilə ad çıxarmış “məşhur” vəkil Amal Kluninin xidmətlərindən bir daha istifadə etməyə və Kluni-Robertson duetinin dediyinə görə, iki il bundan əvvəl - 2015-ci il oktyabrın 15-də “qazanılmış” öz “qələbə”sini (qələbə sözünün erməni anlamasda) təkrarlamağa tələsmir. Xatırladaq ki, o vaxt AİHM-nin Böyük Palatası Məhkəmənin 17 dekabr 2013-cü il tarixli qərarına qarşı İsveçrə hökumətinin apelyasiyasına baxıb, aşağı instansiya məhkəməsinin hökmünün bütün müddəalarını qüvvədə saxlamış, lakin Amal Kluni bunu Ermənistanın “qələbə”si adlandırmışdı.

Nə deyək, əgər Ermənistan AİHM-nin budəfəki hökmünə görə də özünü “xoşbəxt” hesab edirsə, çox yaxşı. Əsas məsələ odur ki, 1915-ci il hadisələrini fakt deyil, rəy hesab edənlər də xoşbəxtdirlər. Onlar yalnız Holokostu, keçmiş Yuqoslaviyada Bosniya müsəlmanlarına və Ruandada tutsi qəbiləsinə qarşı törədilmiş qırğınları soyqırımı hesab edirlər.