Cəmiyyət

Cocuq Mərcanlıda əhalinin məşğulluğunun dəstəklənməsi məsələlərinə dair müşavirə keçirilib

30-11-2017 | 16:49        

  

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Cəbrayıl rayonunun işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndində yerli əhalinin səmərəli məşğulluğuna əlavə dəstək verilməsi, xüsusən kənddə özünüməşğulluq proqramı çərçivəsində müxtəlif iqtisadi fəaliyyət növləri üzrə fərdi təsərrüfatların qurulması üçün aktiv məşğulluq tədbirlərinə hazırlıq işləri aparır.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən Cocuq Mərcanlı kəndində bu kəndin və ətraf ərazilərin yerli əmək resurslarının məşğulluğunun təminatı ilə əlaqədar görüləcək işlərin müzakirəsinə həsr olunan müşavirə keçirilib.

Müşavirədə Dövlət Məşğulluq Xidmətinin rəisi Anar Bədəlbəyli aktiv məşğulluq tədbirlərinin təşkili zamanı işğal altında olan rayonlar üzrə işsiz və işaxtaran vətəndaşların məşğulluğunun təminatının daim diqqətdə saxlandığını, bu sahədə məqsədyönlü işlərin aparıldığını bildirib. O diqqətə çatdırıb ki, Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri nəticəsində bu ilin yanvar-oktyabr aylarında 43 min 746 nəfər işsiz və işaxtaran şəxs münasib iş yerləri, 919 nəfər haqqıödənilən ictimai işlərlə təmin olunub. Xidmətin xətti ilə 2920 nəfər üçün əmək bazarında rəqabətədavamlı peşələr üzrə peşə hazırlığı və əlavə təhsil kursları təşkil edilib.

Bildirilib ki, Prezidenti İlham Əliyevin 2016-cı il 7 aprel tarixli Sərəncamına əsasən, icra olunan özünüməşğulluq proqramı işsiz və işaxtaran şəxslərin məşğulluq, eləcə də gələcəkdə kiçik ailə biznesinə çıxış imkanlarına malik olmalarında mühüm rol oynayır. Proqram çərçivəsində cari ildə 1153 nəfərin ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları üçün aktivlərlə (mal və materiallarla) təminatı həyata keçirilib. Onlar verilmiş aktivlərdən səmərəli şəkildə istifadə edərək biznes-planlarına uyğun və ailə əməyinə əsaslanan təsərrüfatlarını qura biliblər.

Qeyd olunub ki, 2018-ci ilin əvvəlindən ölkəmizdə “İşsizlikdən sığorta haqqında” Qanunun tətbiqinə başlanacaq. İşsizlikdən sığorta sisteminin formalaşması işsizlikdən sığorta olunanların itirilmiş əməkhaqlarının kompensasiyasına, onların sosial-iqtisadi mənafelərinin dolğun təminatına imkan verməklə, aktiv məşğulluq tədbirlərinin, xüsusən özünüməşğulluq proqramının xeyli genişlənməsinə səbəb olacaq. İşsizlikdən sığorta fondunun xərclərinin 35,8 milyon manatının və ya 40 faizinin məhz özünüməşğulluq tədbirlərinin təşkilinə yönəldilməsi proqnozlaşdırılır. Bu da özünüməşğulluq proqramına cəlb olunanların sayının dəfələrlə artırılmasına səbəb olacaq. Eyni zamanda, proqramın Cocuq Mərcanlı kəndini də əhatə etməsi, bu kəndin əhalisinin həmin proqramdan faydalanmalarına, bununla öz ailə gəlirlərini artırmalarına, sahibkarlığa çıxış imkanları əldə etmələrinə əlverişli şərait yaradılması diqqətdə saxlanılır.

Müşavirədə Cocuq Mərcanlı kəndində və ətraf ərazilərdə yerli əmək bazarının vəziyyəti, mövcud məşğulluq sahələri, əmək resursları, aktiv əmək bazarı proqramlarının, o cümlədən özünüməşğulluq proqramının icrası üçün yerli potensial və sair ilə bağlı geniş müzakirələr aparılıb, aidiyyəti üzrə təkliflər verilib. Bildirilib ki, hazırda bu kənddə yerli iqtisadiyyat əsasən əkinçilik və heyvandarlıq üzərində qurulub. Kənd sakinlərinin bu ənənəvi fəaliyyət sahələri üzrə ailə əməyinə əsaslanan fərdi təsərrüfatlarını qurmaları, eləcə də mövcud təsərrüfatlarını genişləndirmələri özünüməşğulluq proqramı vasitəsilə dəstəklənəcək. Eyni zamanda, Cocuq Mərcanlı kəndində yerli sakinlərdən öz doğma kəndlərində müxtəlif ictimai-iaşə xidmətlərinin göstərilməsi üçün fərdi təsərrüfatlar, istehsal və ya emalyönümlü müəssisələr qurmaq istəyənlərin özünüməşğulluq proqramına cəlb edilməsi təmin olunacaq. Müvafiq hallarda seçdikləri fəaliyyət növlərində zəruri peşə bacarıqlarına yiyələnmələri üçün onların peşə hazırlığına cəlb olunmalarına da imkan yaradılacaq.

Ümumilikdə, Cocuq Mərcanlıda əhalinin səmərəli məşğulluğunun artırılması üçün məqsədyönlü işlər aparılacaq. Bu tədbirlər həm yerli sakinlərin məşğulluğunun artırılmasına, həm də ərazidə iqtisadi həyatın daha da canlanmasına, kiçik sahibkarlığın genişlənməsinə əlavə dəstək olacaq.