Siyasət

Azərbaycan-Almaniya diplomatik münasibətlərinin 25 illiyi münasibətilə Berlində simpozium keçirilib

30-11-2017 | 09:58        

  

Azərbaycan və Almaniya arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü münasibətilə Berlində elmi simpozium təşkil edilib.

Tədbir Azərbaycanın Almaniyadakı səfirliyi, Prezident yanında Strateji Araşdırmalar Mərkəzi, Berlin Azad Universiteti və Alman-Azərbaycan Forumunun birgə təşkilatçılığı, Almaniyanın “Business & Diplomacy” jurnalının media dəstəyi ilə keçirilib.

Tədbiri açan Alman-Azərbaycan Forumunun sədr müavini Helqa Daub Azərbaycanın müstəqillik illərində əldə etdiyi uğurlardan və bu uğurlar, eləcə də Ermənistanın ölkəmizə qarşı hərbi təcavüzü barədə məlumatların Almaniya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.

Azərbaycanın Almaniyadakı səfiri Ramin Həsənov tədbirdə çıxış edərək ölkələrimiz arasında münasibətlərin möhkəm tarixi əsaslara malik olduğunu bildirib. O, Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı Sərəncama əsasən Cənubi Qafqazda alman məskənlərinin salınmasının 200 illik yubileyi münasibətilə bir sıra tədbirlərin və layihələrin həyata keçirildiyini qeyd edib. Səfir iki ölkə arasındakı münasibətlərin bugünkü vəziyyətindən bəhs edərək, siyasi, iqtisadi, mədəni, humanitar və digər sahələrdə dinamik inkişaf edən əməkdaşlığı qeyd edib. Ramin Həsənov, həmçinin Azərbaycan üçün dost və tərəfdaş ölkə olan Almaniyanın Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin həllinə daha böyük səylə töhfə verəcəyinə ümid etdiyini bildirib.

Almaniya Xarici İşlər Nazirliyinin Şərqi Avropa, Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndəsi, səfir Andreas Peşke Azərbaycanın Almaniya və Avropa İttifaqı üçün əhəmiyyətindən, diplomatik münasibətlərin qurulmasından bəri iki ölkə arasında əlaqələrin davamlı inkişafından və müxtəlif sahələrdə həyata keçirilən əməkdaşlıq layihələrindən bəhs edib. O, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinin ən qısa zamanda həllinin vacibliyini vurğulayıb və bildirib ki, status-kvonun saxlanılması yolverilməzdir. Alman diplomat ölkəsinin gələcəkdə də Minsk qrupunun üzvü olaraq münaqişənin sülh yolu ilə həllinə töhfə verməyə çalışacağını bildirib.

Berlin Azad Universiteti adından həmin universitetdə fəaliyyət göstərən SED tədqiqat qrupunun layihə rəhbəri Ute Şmit təmsil etdiyi tədqiqat qrupunun fəaliyyəti və həyata keçirdiyi layihələr barədə məlumat verib. O qeyd edib ki, sözügedən tədqiqat qrupu həm də Azərbaycan-Almaniya münasibətlərinin tarixinə dair araşdırma aparır. Ute Şmit gələn il Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100-cü ildönümü münasibətilə Berlin Azad Universitetində simpozium keçiriləcəyini bildirib.

Daha sonra tədbirdə panel müzakirələr keçirilib.

Tədbirin birinci hissəsində Berlin Azad Universitetinin tədqiqatçısı, diplomatiya tarixi üzrə mütəxəssis Enriko Seevald “Azərbaycanda ilk alman dövlət nümayəndəliklərinin yaradılmasından iki ölkə arasında diplomatik münasibətlərin qurulmasınadək” mövzusunda məruzə ilə çıxış edib.

Enerji siyasəti və diplomatiya üzrə mütəxəssis Matias Dornfeldin aparıcılıq etdiyi paneldə, həmçinin Berlin Humboldt Universitetində Azərbaycan tarixi kafedrasının müdiri professor Eva-Maria Aux, Reyn-Pfalts federal torpağının landtaqının keçmiş deputatı, mədəniyyətlərarası dialoq üzrə mütəxəssis Rəhim Şmit və Azərbaycanın Almaniyadakı səfirliyinin 3-cü katibi Vüqar Qafarov iştirak ediblər. Müzakirələrdə Azərbaycanda alman məskənlərinin tarixinin araşdırılması və təşviq edilməsinin əhəmiyyəti, iki ölkə arasında münasibətlərin tarixinin alman elminə və ictimaiyyətinə tanıtdırılması üçün görülən işlər, Azərbaycana xas olan multikultural dəyərlər və dini tolerantlığın Almaniyada təqdim edilməsi, Azərbaycan gənclərinin Almaniya və Almaniya gənclərinin Azərbaycan haqda daha dərin məlumatlara yiyələnməsi üçün mövcud olan elm, təhsil və digər imkanlar təhlil olunub.

Tədbirin ikinci hissəsində Prezident yanında Strateji Araşdırmalar Mərkəzinin Avropa İttifaqı üzrə mütəxəssisi İlqar Qurbanov “Azərbaycan-Avropa İttifaqı münasibətləri: uğurlu əməkdaşlıqdan strateji tərəfdaşlığa doğru” mövzusunda məruzə ilə çıxış edib.

“Business & Diplomacy” jurnalının naşiri Frank Şüttiqin aparıcılıq etdiyi ikinci paneldə Boxum Rur Universitetinin beynəlxalq hüquq üzrə professoru Hans-Yoaxim Hayntse, Potsdam Universitetinin iqtisadi siyasət üzrə professoru Vilfrid Fuhrman, Qissen Universitetinin türkologiya üzrə müəllimi Mixael Hess, Strateji Araşdırmalar Mərkəzinin nəqliyyat və logistika üzrə mütəxəssisi Mahir Hümbətov iştirak ediblər. Müzakirələrdə Azərbaycanın multikultural ənənələrinə söykənərək yürütdüyü uğuru regional siyasət və beynəlxalq əməkdaşlığı, ölkəmizin enerji və nəqliyyat sahələrində həyata keçirdiyi transmilli layihələrin beynəlxalq əhəmiyyəti qeyd edilib. Paneldə Ermənistanın Azərbaycan ərazilərini işğal etməsinin regional sülh və inkişafa təhlükə yaratdığı vurğulanıb və Avropa İttifaqının münaqişənin ədalətli həlli üçün səylərini artırmalı olduğu bildirilib.

Simpoziumda Almaniya Bundestaqı, Xarici İşlər Nazirliyi və digər dövlət qurumlarının təmsilçiləri, eləcə də elmi ictimaiyyətin, mətbuatın, Berlindəki xarici diplomatik missiyaların və Almaniyadakı Azərbaycan diasporunun nümayəndələri iştirak ediblər.