Xarici xəbərlər

İndoneziyada təbiət hadisələri ciddi fəsadlar törətməkdə davam edir

29-11-2017 | 16:09        

  

İndoneziyanın Bali adasında “Aqunq” vulkanının püskürməsi ciddi fəsad törətməkdə davam edir. Adada bir neçə otel fəaliyyətini dayandırıb. Turistlər Balidən Yava və Lombok adalarına köçürülür. Vulkanın püskürməsi ilə əlaqədar 40 000-ə yaxın adam təhlükəli zonanı tərk edib. Kraterdən 10 km radiusda yaşayan 100 000 nəfərə isə təxliyə olunmaq tövsiyə edilib. Vulkana 8, bəzi yerlərdə isə 12 kilometrdən artıq yaxınlaşmaq qadağan edilib. Adada təhlükə səviyyəsi maksimuma qaldırılıb. Bali beynəlxalq hava limanı isə bir neçə gün bağlı qaldıqdan sonra fəaliyyətini bərpa edib. Xatırladaq ki, sonuncu dəfə “Aqunq” vulkanının 1963-cü ildə püskürməsi 1100 nəfərin həyatına son qoymuş, yüz minlərlə adam evsiz qalmışdı.

Yava adasında isə tropik qasırğa dağıntı və tələfata səbəb olub. Təbii fəlakət nəticəsində azı 19 nəfər ölüb,  itkin düşənlərin də olduğu bildirilir. Ölənlərin əksəriyyəti torpaq sürüşməsində uçqun altında qalanlardır. Çayların məcrasından çıxması nəticəsində minlərlə ev, yollar və əkin sahələri su altında qalıb. 4 mindən çox sakin evlərini tərk etmək məcburiyyətində qalıb. Qasırğa  avtomobil və hava nəqliyyatının hərəkətində problemlər yaradıb.