Xarici xəbərlər

ABŞ-da yaşayan ermənilər Sarkisyan rejiminə qarşı etiraz edir

29-11-2017 | 10:33        

  

Ermənistanın müxalif “Yerkir Tsiran” partiyasının rəhbəri Zaruhi Postançıyan ABŞ-ın Los-Anceles şəhərində Sarkisyan rejiminin əleyhinə yürüş keçirib. Aksiyaya bu ölkədə yaşayan diaspor fəalları qoşulublar. Etirazçılar bildiriblər ki, hazırda Ermənistanda istər iqtidar, istərsə də müxalifət cəbhəsində parçalanmalar, fikir ayrılıqları hökm sürür. Vətəndaşlar isə tərəflərin çəkişmələri arasında qalıb əzilirlər. Onların taleyi heç kimi maraqlandırmır. Ölkə illərdir böhran içərisindədir, hakimiyyətdə olanlar isə bu vəziyyəti düzəltməyə çalışmırlar. Əksinə, hökümətin siyasi sahədəki  səriştəsizliyi Ermənistanı regionda bütün vacib layihələrdən təcrid  edib. Bu səbəbdən də Zaruhi Postancyan bir neçə gündür ki, ABŞ-da yaşayan erməni icmasını Sarkisyan hakimiyyətinə qarşı təşkilatlandırmaq üçün görüşlərə başlayıb. Onun sözlərinə görə, Ermənistanı korrupsiyacı, rüşvətxor və cinayətkar dəstə idarə edir. Onlar illərdir dövlət əmlakını çapıb-talamaqla məşğuldurlar. Artıq qanun qarşısında cavab verməlidirlər. Ermənistanda elə bir vəziyyət yaranıb ki. vətəndaşlar hər gün problemlərlə bağlı müxtəlif qurumların qarşısında etiraz aksiyaları keçirirlər. Ölkənin daha bir bəlası miqrasiyadır. Los-Ancelesdə keçirilən yürüşün iştirakçıları bildiriblər ki, onlar da Sarkisyan hakimiyyətinin apardığı çirkin siyasət nəticəsində ölkələrindən didərgin düşüblər. Etirazçılar “rejimə ölüm”, “istefa” kimi şüarlar səsləndiriblər. Qərara alınıb ki, bundan sonra Ermənistana ənənəvi maliyyə dəstəklərini tamamilə dayandırsınlar. Onsuz da bu pullar əhalinin rifahının yaxşılaşdırılmasına xərclənmir. Əksinə, hakim dairələr tərəfindən mənimsənilir.