İqtisadiyyat

66 ölkə Azərbaycandan məhsul tədarükü üçün müraciət edib

29-11-2017 | 10:26        

  

Rəqabətqabiliyyətli və ixracyönümlü yerli məhsulların xarici bazarlarda "Made in Azerbaijan" brendi adı altında təbliği öz nəticəsini verir. Azərbaycanın ixrac mövqeyi getdikcə möhkəmlənir. Azərbaycan məhsullarının ilk vahid məlumat bazası olan “Azexport” portalı vasitəsilə ixrac sifarişlərinin həcmi artır. Bu ilin yanvar-oktyabr aylarında  portal qeyri-neft məhsulunun Azərbaycandan tədarükü üçün xarici ölkələrdən 397 milyon 300 min dollarlıq sifariş qəbul edib. Sifarişlər ümumilikdə 66 ölkədən daxil olub. Təkcə oktyabrda portal 41 milyon 500 min dollar məbləğində sifariş alıb. İxrac məhsulları arasında pomidor üstünlük təşkil edir. 10 ayda xarici bazarlara 131 milyon dollardan çox pomidor çıxarılıb. İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icmalında qeyd olunub ki, bu ilin 10 ayı ərzində müraciətlərin sayına görə Rusiya liderlik edir. Müraciətlərdən təxminən 19 faizi bu ölkənin payına düşür. İlk beşlikdə həmçinin Türkiyə, Ukrayna, Hindistan və ABŞ yer alır. “Azexport” portalı vasitəsilə yerli məhsullarımızın təqdim olunduğu coğrafiya da genişlənir. Avqustda portala ilk dəfə İsrail və Myanmadan da sifarişlər daxil olub.