İqtisadiyyat

Aşqabadda keçirilən Enerji Xartiyası Konfransının sessiyasında Azərbaycan da təmsil olunur

29-11-2017 | 10:18        

  

Noyabrın 28-də 2017-ci ildə Enerji Xartiyası Konfransına sədrlik edən Türkmənistanın paytaxtı Aşqabadda təşkilatın “Gələcəyin dayanıqlı enerji təminatı və nəqliyyat marşrutlarının şaxələndirilməsi məqsədi ilə sərmayələrin səfərbər edilməsi” mövzusunda 28-ci sessiyası işə başlayıb.

Sessiyada müvafiq sahə üzrə nazirliklərin, Enerji Xartiyasına qoşulan iştirakçı və müşahidəçi ölkələrin, həmçinin bir sıra beynəlxalq, regional qurumların rəhbərləri və nümayəndələri iştirak edirlər. Azərbaycan bu tədbirdə energetika nazirinin müavini Natiq Abbasovun başçılıq etdiyi nümayəndə heyəti ilə təmsil olunur.

Enerji Xartiyası Konfransının 28-ci sessiyasının işi iki hissədə - nizamnamə və nazirlər səviyyəsində keçirilir.

Sessiyada çıxış edən Enerji Xartiyası Konfransının sədri, Türkmənistan Nazirlər Kabineti sədrinin müavini Maksat Babayev bildirib ki, energetika sahəsində konstruktiv beynəlxalq əməkdaşlıq dayanıqlı inkişafın ayrılmaz tərkib hissəsidir. Türkmənistan tərəfdaşlıq məsələlərində fəal mövqe tutaraq, bütün maraqlı tərəflərin iştirakı ilə nüfuzlu təşkilatlar və qurumlar formatında, o cümlədən Enerji Xartiyasında yanacaq-enerji kompleksi sektorunda məhsuldar dialoqun genişlənməsinə hərtərəfli yardım etməyə çalışır. M.Babayev qlobal enerji təhlükəsizliyi arxitekturasının formalaşmasına münasibətdə razılaşdırılmış yanaşmaların işlənib hazırlanması kontekstində bu tədbirin əhəmiyyətini qeyd edib.

Məlumat verilib ki, Türkmənistanın sədrliyi dövründə 7 ölkə Enerji Xartiyasının müşahidəçi statusunu alıb. Üç yeni müşahidəçi ölkənin – Qambiya, Nigeriya və Birləşmiş Ərəb Əmirliklərinin nümayəndələri öz çıxışlarında ölkələrinin iqtisadiyyatı barədə danışıb, Enerji Xartiyasının gələcəyin daha dayanıqlı enerji təminatında əhəmiyyətini vurğulayıblar.

Rəsmi açılış mərasimindən sonra Enerji Xartiyasının mükafatları təqdim edilib. Enerji Xartiyası prosesinə xüsusi töhfələrinə görə Yaponiyanın Avropa İttifaqındakı səfiri Kazuo Kodamo mükafata layiq görülüb.

Sonra sessiya işini təkcə Enerji Xartiyası Konfransının üzvlərinin iştirakı ilə davam etdirib. Burada Konfransın proqramı, büdcə məsələləri və iş proqramı, 2018-2020-ci illərdə sədrlik, “Enerji sektorunda sərmayə risklərinin qiymətləndirilməsi” mövzusunda məruzə, 2017-ci il üçün hesabat və fəaliyyətin perspektiv istiqamətləri, Beynəlxalq Enerji Xartiyasının baş katibi Urban Rusnakın hesabatı və digər məsələlər müzakirə olunur.

Sessiya işini noyabrın 29-da davam etdirəcək. Enerji Xartiyası Konfransının 28-ci sessiyasının nəticələrinə dair Yekun sənədin qəbul ediləcəyi gözlənilir.