Mədəniyyət

Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçirilib

29-11-2017 | 10:11        

  

Heydər Əliyev Sarayında Xalq artisti Elza İbrahimovanın mahnılarından ibarət konsert proqramı keçirilib.

Unudulmaz bəstəkarın zəngin yaradıcılığı 50 ildən artıq bir dövrü əhatə edir. Onun mahnıdan tutmuş operayadək musiqinin müxtəlif janrlarında bəstələdiyi əsərlər, bir sıra tamaşalara yazdığı musiqiləri Azərbaycan mədəniyyətində xüsusi yer tutur. Peşəkar musiqiçinin ürəyini qoyduğu bütün əsərləri dərin məzmunu və yüksək bədiiliyi ilə səciyyələnir. 

Azərbaycan şairlərinin yüzlərlə şeirlərinə və rus dilində onlarla poetik nümunəyə musiqi yazan bəstəkarın istedadı və orijinal yaradıcılıq üslubu haqqında Tixon Xrennikov, Georgi Sviridov, Otar Taktakişvili, Cövdət Hacıyev, Arif Məlikov, Qara Qarayev, Niyazi kimi dünya şöhrətli sənətkarlar yüksək fikirlər söyləyiblər. 

Hüseyn Cavidin eyniadlı əsəri əsasında yazılan “Afət”, Qarabağ faciəsini əks etdirən muğam üzərində bəstələnən “Yanan laylalar” operaları, Azərbaycan neft sənayesinin 130 illiyinə həsr olunan “Neftçilər himni” bəstəkarın zəngin təxəyyülünü bir daha təsdiqləyir. Bəstəkarın milli qəhrəmanlarımıza həsr etdiyi rekviyemləri, “20 Yanvar”, “Qarabağ”, “Şəhid qardaş”, “Səngərlər” əsərləri dinləyicilərin yaralarına bir məlhəmdir.  

Musiqi mədəniyyətimizdə geniş yayılan mahnı janrı Elza İbrahimova yaradıcılığında yeni keyfiyyətlər qazanıb. Müəllifin yaradıcılığına xas sərbəstlik, novatorluq kimi cəhətlər onun bəstələrində də əksini tapıb. Təsadüfi deyil ki, Azərbaycan estradasına tanqo ritmini gətirən ilk bəstəkarlardan biri Elza İbrahimova olub. 

Heydər Əliyev Sarayının səhnəsində səslənən mahnılar ən ülvi hisslərin - vətənpərvərlik, insanlara məhəbbət, sevgi duyğularının özünəməxsus ifadə tərzi ilə seçildiyini nümayiş etdirdi. Bu əsərlərdə Azərbaycan və Qərb musiqisinin uğurlu sintezi var. Bəstəkarın hər bir əsəri dinləyicini fərqli duyğular aləminə aparır. 

Fərqli müğənnilərin ifasında səslənən mahnılar hər bir tamaşaçını ovsunladı, Elza İbrahimova sənətinin heç zaman ölməyəcəyini göstərdi. Tam əminliklə deyə bilərik ki, Elza İbrahimovanın əsərləri əbədi yaşayacaq, onun sehrli musiqisi hələ neçə-neçə nəsilləri heyran edəcək. 

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (20.04.2018) :
Aydın Gecə : +8 +10 | Gündüz: +15 +17
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR