Xarici xəbərlər

İrlandiya sərhədi məsələsi Böyük Britaniya və Aİ arasında fikir ayrılığına səbəb olub

27-11-2017 | 12:02        

  

Böyük Britaniya ilə Avropa İttifaqı arasında ticarət sazişi razılaşdırılmayana qədər, İrlandiyanın “Breksit”dən sonrakı sərhədi ilə bağlı qərar qəbul olunmayacaq. Bu sözləri “Sky News” telekanalına müsahibəsində Britaniyanın beynəlxalq ticarət naziri Liam Foks deyib. Nazirin sözlərinə görə yeni şərtlər aydınlaşdırılmayınca, İrlandiya məsələsi tam həll oluna bilməz. Liam Foks bununla əlaqədar Avropa İttifaqı ilə müzakirələrin mümkün qədər tez başlamasının vacib olduğunu bildirib. Nazirin açıqlaması bu məsələdə Avropa İttifaqı ilə Britaniya arasında fikir ayrılığının olduğunu göstərir. Belə ki, bir qədər əvvəl Avropa İttifaqının kənd təsərrüfatı üzrə komissarı, irlandiyalı Fil Hoqan bəyan edib ki, İrlandiyanın sərhədi məsələsinə təminat verilməyincə, ölkəsi ticarət danışıqlarına veto qoya bilər. İrlandiya hökuməti “Breksit”dən sonra sərhəddə nəzarətin tətbiq olunmayacağına dair Britaniyanın təminat verməsini istəyir. Öz növbəsində, Avropa İttifaqı baş nazir Tereza Meyin sərhəd və ticarət məsələləri ilə əlaqədar təklifləri dekabrın 4-dək hazırlayacağını gözləyir.