Xarici xəbərlər

Ermənistanda qar həyatı iflic edib

27-11-2017 | 10:24        

  

Dağlıq ərazidə yerləşdiyindən Ermənistanda qış ayları olduqca sərt keçir. Bu isə sosial-iqtisadi vəziyyəti ağır olan əhlalinin həyat şəraitini daha da çətinləşdirir. Enerji tariflərinin ildən-ilə artması səbəbindən vətəndaşların mavi yanacaqdan istifadə etməyə maddi imkanı çatmır. 

Bir neçə gündür yağan aramsız qar isə işğalçı ölkədəki dözülməz həyatı bir qədər də  iflic edib. Yağıntı Vanadzorda küçələri keçilməz edib. Sakinlər deyirlər ki, şəhərdə yollara illərdir asfalt çəkilmir. Ona görə də qar yağanda hər yerdə iri gölməçələr yaranır. Nə taksi, nə də təcili yardım maşınları məhəllələrə gəlmir. İnsanlar belə şəraitdə günlərlə evlərindən çıxa bilmirlər. Sakinlər  küçələri özləri təmir etməyə qərar versələr də, buna maddi gücləri çatmayıb.

Əyalətlərə aparan yollarda da vəziyyət eynidir. Vəsait və texnika çatışmadığına görə yol inşaatçıları lazımi xidmət göstərə bilmirlər. Bir neçə gün ərzində yalnız Görus-Sisian yolunun bir hissəsini açmaq mümkün olub. Buz bağlayan küçələr həm piyadaların, həm də sürücülərin işini çətinləşdirib. Sakinlər deyirlər ki, Ermənistanın əyalətlərində bu qış da digərlərindən fərqlənmir. Ənənəvi problemlərlər hələ də olduğu kimi qalır. 

Kəndlərdə təbii qaz olmadığından məktəblər müxtəlif vasitələrlə qızdırlır. Əksər hallarda yanacaq tapılmadığından müəllimlər soyuq siniflərdə dərs keçməli olurlar. Bu da davamiyyətə təsirini göstərir. Valideynlər bu şəraitdə uşaqlarını oxutmaq istəmirlər. Müəllimlər bu cür hallardan nə qədər şikayətlənsələr də, hər il eyni vəziyyətlə üzləşdiklərini bildirirlər. Soyuq bir yandan, onlar həm də təmirsiz, qəza vəziyyətində olan məktəblərdə dərs deməkdən də yorulublar.