Xarici xəbərlər

Soçidə Rusiya, Türkiyə və İran prezidentlərinin üçtərəfli görüşü keçirilib

23-11-2017 | 12:02        

  

Soçidə Rusiya Prezidenti Vladimir Putin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan və İran Prezidenti Həsən Ruhani arasında keçirilən üçtərəfli görüşdə Suriyanın gələcəyi müzakirə olunub. Görüşdən sonra mətbuata açıqlamasında Rusiya Prezidenti Vladimir Putin Suriya böhranında yeni mərhələnin başlandığını, lakin siyasi həllə nail olmaq üçün bütün tərəflərin, o cümlədən Suriya hökumətinin kompromisə getməli olduğunu bəyan edib. Görüş zamanı Türkiyə və İran prezidentləri Vladimir Putinin Suriya sülh qurultayına ev sahibliyi etmək təklifini dəstəkləyiblər. İran Prezidenti Həsən Ruhani bütün ölkələri Suriyada sülhün bərpasına və suriyalı qaçqınların öz evlərinə qayıtması üçün şərait yaradılmasına yardım etməyə çağırıb. Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib ki, uzun illər davam edən faciəyə son qoymaq üçün üçtərəfli görüşün böyük əhəmiyyəti var.