Cəmiyyət

Akademik Vasim Məmmədəliyevin 75 illik yubileyi qeyd olunub

22-11-2017 | 15:26        

  

Dünya şöhrətli alim, akademik Vasim Məmmədəliyevin 75 illik yubileyinə həsr olunan elmi-praktik konfrans keçirilib. BDU-da təşkil edilən tədbirdə alimin Azərbaycan elminə verdiyi töhvələrdən danışılıb.

Akademik Vasim Məmmədəliyevin indiyədək yüzlərlə elmi əsəri, o cümlədən bütün dünya şərqşünaslarının  istifadə etdiyi 30 kitabı nəşr edilib. Alimin ərəb dilçiliyi və ədəbiyyatşünaslığının müxtəlif problemlərinə həsr edilən məqalələri onun yüksək elmi potensialının, hərtərəfli intellektinin göstəricisidir. BDU-nun rektoru Abel Məhərrəmovun sözlərinə görə, alimin bütün fəaliyyəti Azərbaycan xalqının mənəviyyatının zənginləşməsinə xidmət edib. Vasim Məmmədəliyev nəinki Azərbaycanda, hətta ölkəmizin hüdudlarından kənarda da millətinə həmişə  başucalığı gətirib. O, İraq Elmlər Akademiyasının, Suriya İslam Elmləri və Ərəb Filologiyası Akademiyasının, İslam Konfransı Təşkilatının İslam Hüququ Akademiyasının akademiki kimi şərəfli adlar daşıyır. Şərqşünaslıq fakültəsinin dekanı Elxan Əzizov da “Mənalı alim ömrü” adlı məruzəsində Vasim Məmmədəliyevin müsəlman Şərqinin müdrikliyini özündə birləşdirdiyini,  İslam dininin və dəyərlərinin təbliğində, geniş yayılmasında böyük xidmətləri olduğunu dedi. Universitetdə elm adamı, müəllim, ziyalı və müdrik ağsaqqal kimi sevilməsi isə onun insani xüsusiyyətlərindən irəli gəlir. Tədbir konsert proqramı ilə başa çatdı.