Analitika

İlin sonuna yaxın: iqtisadi statistika nə deyir?

22-11-2017 | 10:11        

  

2017-ci ilin sona çatmasına bir aydan bir az artıq vaxt qaldığı indiki dövrdə hazırkı statistik göstəricilər də ilin portretini müəyyən etməyə imkan verir. İlin geridə qalan 10 ayının nəticələri ötən ilin müvafiq dövrü ilə müqayisədə iqtisadi artımın qeydə alındığını göstərir. Eyni zamanda növbəti ilin büdcəsi ilə bağlı  Milli Məclisdə bu həftə aparılan müzakirələr də nikbin olmağa əsas verir.
Dərhal qyed etmək yerinə düşər ki, dövlət büdcəsi xərclərinin tərtibi zamanı ölkənin uzunmüddətli sosial-iqtisadi inkişafının prioritet istiqamətləri, o cümlədən kənd  təsərrüfatının stimullaşdırılması, təhsil, səhiyyə, sosial, mədəniyyət, idman və fiziki infrastruktur layihələrinin, ölkədə məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsinin, dövlətin milli təhlükəsizliyinin və müdafiə qabiliyyətinin gücləndirilməsi, beynəlxalq təşkilatlara üzvlük haqları və dövlət borcuna xidmətlə bağlı məsələlərin maliyyə təminatı diqqətdə saxlanılıb.

Dövlət büdcəsi layihəsinin tərtibi zamanı İqtisadiyyat Nazirliyinin hazırladığı 2018-2021-ci illər üzrə makroiqtisadi proqnoz göstəriciləri, o cümlədən 2018-ci ildə ÜDM-in 1,5 faizlik, qeyri-neft ÜDM-in isə 2,9 faizlik artım sürəti əsas kimi qəbul edilib. Dövlət və icmal büdcələrinin gəlirlərinin hesablanması üçün 1 barel xam neftin satış qiyməti 45 ABŞ dolları səviyyəsində götürülüb.

2018-ci il üçün dövlət büdcəsinin gəlirləri    20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 3 milyard 361 milyon manat və yaxud 20 faiz, 2016-cı ilin faktiki icra göstəricisi ilə müqayisədə 2 milyard 621,2 milyon manat və yaxud 15 faiz çoxdur.

2018-ci il dövlət büdcəsinin xərcləri 20 milyard 905,7 milyon manat proqnozlaşdırılır. Bu, 2017-ci illə müqayisədə 2 milyard 964,7 milyon manat və ya 16,5 faiz, 2016-cı ilin faktiki icrası ilə müqayisədə 3154,4 milyon manat və ya 17,8 faiz çox deməkdir. Gələn il üçün dövlət büdcəsi xərclərinin ÜDM-də xüsusi çəkisi 30,1 faiz təşkil edəcək ki, bu da 2017-ci ilə nisbətən 3,8 faiz çoxdur.

Qayıdaq bu ilin göstəricilərinə.2017-ci ilin yanvar-oktyabr aylarında ölkədə 56481,5 milyon manatlıq ümumi daxili məhsul istehsal edilmişdir. ÜDM istehsalının 40,2 faizi sənayenin, 10,2 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri sahələrinin, 8,8 faizi tikintinin, 6,9 faizi nəqliyyat və anbar təsərrüfatı, 5,8 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,7 faizi informasiya və rabitə sahələrinin, 16,7 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 7,3 faizini təşkil etmişdir.

İqtisadiyyatın qeyri-neft bölməsində istehsal olunmuş əlavə dəyər əvvəlki ilin müvafiq dövrünə nisbətən 2,1 faiz artmış, neft bölməsində isə 6,0 faiz azalmışdır.

Əhalinin hər nəfərinə düşən ÜDM 5806,7 manata bərabər olmuşdur.

Yerli istehsalatın stimullaşdırılması sayəsində idxalın həcminin aşağı düşdüyün də xüsusi olaraq vurğulamaq olar. Eyni zamanda ixrac diversifikasiyası il ərzində genişlənməkdə davam edib.

2017-ci ilin yanvar-sentyabr aylarında Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri dünyanın 187 ölkəsindəki tərəfdaşları ilə ticarət əməliyyatları həyata keçirmiş, 112 ölkəyə məhsul ixrac olunmuş, 179 ölkədən idxal olunmuşdur.

Gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2017-ci ilin yanvar-sentyabr aylarında xarici ticarət dövriyyəsi 17221,7 milyon ABŞ dolları, o cümlədən ixracın dəyəri 11044,1 milyon dollar, idxalın dəyəri 6177,6 milyon dollar təşkil etmiş, nəticədə 4866,5 milyon dollarlıq müsbət ticarət saldosu yaranmışdır. 2016-cı ilin yanvar-sentyabr ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 9,2 faiz artmış, real ifadədə isə 11,9 faiz, o cümlədən ixrac 8,3 faiz, idxal 17,6 faiz azalmışdır.

Dövlət Gömrük Komitəsinin məlumatlarına əsasən ixracın dəyərinin 22,2 faizi İtaliyaya, 13,1 faizi Türkiyəyə, 5,4 faizi Çinə, 4,8 faizi Rusiyaya, 4,6 faizi İsrailə, hər biri 4,3 faiz olmaqla  Gürcüstan və Çexiyaya, 4,2 faizi Portuqaliyaya, 4,1 faizi Almaniyaya, 3,7 faizi Kanadaya, hər biri 3,3 faiz olmaqla Hindistan və Tayvana (Çinin əyaləti), qalan 22,7 faizi isə digər ölkələrə göndərilmiş məhsullar əsasında formalaşmışdır.

İdxal olunmuş məhsulların dəyərinin 16,9 faizi Rusiyanın, 14,5 faizi Türkiyənin, 9,9 faizi ABŞ-ın, 9,7 faizi Çinin, 5,1 faizi Ukraynanın, 4,6 faizi Almaniyanın, 3,7 faizi İtaliyanın, hər biri 2,8 faiz olmaqla Birləşmiş Krallıq və İranın, 2,6 faizi Braziliyanın, 2,0 faizi Norveçin, 1,6 faizi  Fransanın,  23,8 faizi isə digər ölkələrin payına düşmüşdür.

2017-ci ilin yanvar-sentyabr aylarında 1069,4 milyon dollar dəyərində qeyri-neft məhsulları ixrac edilmişdir ki, bu da 2016-cı ilin yanvar-sentyabr aylarına nisbətən faktiki qiymətlərlə 26,9 faiz, real ifadədə isə 24,4 faiz çoxdur.

Vüsal Məmmədov