İdman

UEFA Çempionlar Liqasının qrup mərhələsinin beşinci turuna start verilib

22-11-2017 | 10:00        

  

Noyabrın 21-də futbol üzrə UEFA Çempionlar Liqasının 2017-2018-ci il mövsümünün qrup mərhələsinin V turuna start verilib.

“G” qrupunda İstanbulun "Beşiktaş" klubu doğma meydanda "Portu" ilə 1:1 hesabı ilə heç-heçə edib. Qrupun digər qarşılaşmasında Fransada “Monako” və “Leyptsiq” klubları üz-üzə gəliblər. Görüş Almaniya təmsilçisinin 1:4 hesablı qələbəsi ilə başa çatıb.

“E” qrupunun ilk qarşılaşmasında isə Rusiyanın “Spartak” klubu doğma meydanda Slovniyanın “Maribor” komandası ilə 1:1 hesablı heç-heçə edib. “Sevilya” isə İspaniyada İngiltərənin “Liverpul” klubu ilə heç-heçə edib – 3:3.

İtaliyanın “Napoli” və Ukraynanın “Şaxtyor” klublarının qarşılaşması isə “F” qrupunun maraqla gözlənilən oyunu idi. Qarşılaşma İtaliya təmsilçisinin 3:0 hesablı qələbəsi ilə başa çatıb. Bu qrupda oynanılan digər qarşılaşmada Hollandiyada təmsilçisi “Feyenoord” səfərdə İngiltərənin “Mançester Siti” klubunun qonağı olub. Qarşılaşma İngiltərə təmsilçisinin minimal hesablı üstünlüyü ilə başa çatıb – 0:1

“H” qrupunda İspaniyanın “Real Madrid” klubu isə səfərdə Kiprin “APOEL” komandasının qapısından 6 cavabsız top keçirib. Almaniya təmsilçisi “Borussiya” öz meydanında İngiltərənin “Tottenhem” klubuna məğlub olub – 1:2.

Xatırladaq ki, noyabrın 22-də “C” qrupunda yer alan Azərbaycanın “Qarabağ” klubu Bakı Olimpiya Stadionunda İngiltərənin “Çelsi” komandasını qəbul edəcək. Qarşılaşma yerli vaxtla saat 21:00-da start götürəcək.