Cəmiyyət

Noyabrın 22-i ədliyyə işçilərinin peşə bayramı günüdür

22-11-2017 | 09:56        

  

Noyabrın 22-i ədliyyə işçilərinin peşə bayramı günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2000-ci il 11 noyabr tarixli Sərəncamı ilə təsis olunub.

Azərbaycan Ədliyyəsinin tarixi 1918-ci ildən Azərbaycan xalq cümhuriyyətinin yarandığı dövrdən hesablanır. O zaman təşkil edilən nazirliyə Xəlil bəy Xasməmmədov rəhbərlik edib. Azərbaycan ikinci dəfə müstəqilliyə qovuşandan sonra ulu öndər Heydər Əliyev bütün sahələrdə olduğu kimi hüquqi sahədə də köklü islahatlar apardı. 1995-ci il noyabrın 12-də ümumxalq səsverməsi ilə ilk milli konstitusiyamız qəbul edildi. Bundan sonra yaranan hüquq islahat komissiyası ulu öndərin rəhbərliyi ilə qısa müddətə hüquq sisteminin təməlini təşkil edən mühüm qanun və məcəllələrin qəbuluna nail oldu. Məhkəmə  və hüquq  mühafizə orqanlarının funksiya və səlahiyyətlərinə yenidən baxıldı. Nəticə etibarilə əvvəlkindən köklü sürətdə fərqlənən 3 pilləli məhkəmə sistemi formalaşdı. Ötən dövrdə ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə məhkəmə hüquq sistemində əsaslı islahatlar aparıldı. Bu  sahədə fəaliyyətin təkmilləşdirilməsi, ədliyyə orqanlarının inkişafı, ədalət mühakiməsinin səmərəliliyinin artırılması müstəqil məhkəmə fəaliyyətinin möhkəmləndirilməsi kimi mühüm işlər görüldü. Xüsusilə 2006-cı il aprelin 18-də ölkə Prezident İlham Əliyev tərəfindən “Azərbaycan Respublikasımnın Ədliyyə Nazirliyi haqqında Əsasnaməsinin” təsdiq edilməsi, may ayında isə dövlət başçısının təşəbbüsü əsasında Milli Məclis tərəfindən Ədliyyə orqanlarında qulluq keçmə haqqında qanunun qəbulu ədliyyə sistemi üçün müstəsna əhəmiyyət kəsb etdi. Həmin il avqustun 17-də dövlət başçısının imzaladığı ədliyyə orqanlarının inkişafı haqqında xüsusi fərman Azərbaycan ədliyyəsinin təkmilləşdirilməsində yeni mərhələnin əsasını qoydu. Fərmanda nəzərdə tutulan genişmiqyaslı tədbirlər sırasında ilk dəfə olaraq ədliyyə işçilərinin və digər hüquqşünas kadrların ixtisasların artırılmasının və peşə vərdişlərinəm yiyələnməsini təmun etmək üçün ədliyyə akademiyasının təsis olunması mühüm önəm daşıdı.

Qeyd etmək lazımdır ki, məhkəmə hüquq şurası yaradılmaqla məhkəmə hakimiyyətinin özünüidarə səlahiyyətləri genişləndirildi, hakimlərin müstəqilliyinin təmin olunması, onların fəaliyyətinə kənar müdaxilənin qarşısının alınması ilə bağlı yeni mexanizmlər təsbit edildi. Beynəlxalq təşkilatlarla əməkdaşlıq da səmərə verir. Ötən bir ildə Gürcüstan, İran, İndoneziya, Belarus, Ukrayna, Əlcəzair və Latviya ilə nazirliyin hüquqi əlaqələri genişləndi, Prezident İlham Əliyevin rəhbərliyi ilə ədliyyə və məhkəmə infrastrukturunun müasirləşdirilməsi üzrə tədbirlər də ədliyyə sistemində çalışanlara dövlət tərəfindən verilən daha bir töhfə kimi qəbul edilə bilər. Ölkə başçısı tərəfindən ötən bir ildə dövrdə ölkəmizdə konseptual baxımından yeni olan Sabunçu və Şəki məhkəmə komplekslərinin açılışı olub, ölkə rəhbəri ədliyyə və məhkəmə işçiləri ilə keçirdiyi müşavirədə görülən işləri müsbət qiymətləndirməsi Azərbaycan ədliyyəsinə qayğısının növbəti təzahürü olub. Həmçinin, Prezidentin iştirakı ilə Şəkidə və Xaçmazda yeni Nikah evləri istifadəyə verilib. Bu il dövlət başçısının iştirakı ilə istifadəyə verilən Bakı şəhəri Nərimanov rayon məhkəməsi də müasirliyi ilə diqqət çəkir. Belə binaların inşası Ədliyyə sistemindəki inkişafı göstərməklə yanaşı, həm də yerləşdiyi ərazinin gözəlliyinə əlavə çalarlar qatır. 2017-ci ildə İmişli və Qəbələ rayonlarında da yeni məhkəmə binaları istifadəyə verildi. Hazırda Sumqayıt Məhkəmə Kompleksinin, Bakı şəhəri Suraxanı, Binəqədi, həmçinin Zaqatala  və Masallı rayon məhkəmələrinin inşası davam etdirilir. Öz inkişaf dövrünü yaşayan Azərbaycan ədliyyəsində  aparılan islahatlar nüfuzlu beynəlxalq qurumlar tərəfindən də yüksək qiymətləndirilir.