İqtisadiyyat

Büdcə layihəsinin Milli Məcisdə müzakirəsi davam edir

21-11-2017 | 16:03        

  

Milli Məclisdə 2018-cü ilin dövlət büdcəsi və büdcə zərfinə daxil olan qanun layihələrinin müzakirəsinə başlanılıb. Bildirilib növbəti ilin büdcə gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır.

2018-ci ilin büdcə sənədi qısamüddətli iqtisadi kənarlaşmaların tənzimlənməsi və uzunmüddətli sabit iqtisadi artımın təmin edilməsini hədəfləyən makroiqtisadi proqnoz göstəriciləri nəzərə alınmaqla, ölkənin iqtisadi siyasətinə, milli iqtisadiyyat və iqtisadiyyatın başlıca sektorları üzrə Strateji Yol Xəritələrinə, habelə müvafiq dövlət proqramlarına uyğun olaraq hazırlanıb. 2018-cü il dövlət büdcəsi və büdcə zərfinə daxil qanun layihələrinin əsas istiqamətlərindən danışan Milli Məclisin sədri Oqtay Əsədov dedi ki, ölkədə yürüdülən iqtisadi siyasət makroiqtisadi təhlükələrin qarşısını almağa imkan verib. Azəri-Çıraq-Günəşli yataqlarının işlənməsi üzrə sazişin 2050-ci ilədək uzadılması və Bakı-Tbilisi-Qars layihəsinin həyata keçirilməsi Azərbaycanın dayanıqlı iqtisadi inkişafına zəmin yaradıb. Son illər həyata keçirilən tədbirlər nəticəsində ölkədə qeyri-neft sektorunun payı 50 faizədək yüksəlib.

2018-ci ildə də büdcə-vergi siyasətinin qarşısında duran digər mühüm vəzifə qeyri-neft sektorunun dinamik inkişafı və həmin sektordan daxilolmaların qeyri-neft ümumi daxili məhsulda və büdcə gəlirlərində xüsusi çəkisinin artırılmasıdır. Bununla yanaşı, kiçik və orta sahibkarlıq sahəsində stimullaşdırıcı vergi islahatlarının davam etdirilməsi, azad rəqabət mühitinin inkişafı, istehsalın və investisiyanın təşviqinin növbəti illərdə də aparılması əsas vəzifələrdəndir. Beynəlxalq maliyyə qurumları tərəfindən 2018-ci il üçün xam neftin 1 barelinin 50 ABŞ dolları ətrafında proqnozlaşdırılmasını nəzərə alaraq, gələn ilin dövlət büdcəsi gəlirlərinin hesablanmasında neftin ixrac qiyməti 45 dollar səviyyəsində qəbul edilib. Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə belə bir hesablamanın qarşıya qoyulan hədəflərə nail olmağa imkan verəcəyini dedi.

Ölkənin əsas maliyyə sənədini təqdim edən maliyyə naziri Samir Şərifov da bildirdi ki, növbəti ilin büdcə gəlirləri 20 milyard 127 milyon manat proqnozlaşdırılır ki, bu da ÜDM-in 29,0 faizi həcmində olmaqla, 2017-ci ilin təsdiqlənmiş proqnozu ilə müqayisədə 20 faiz, 2016-ci ilin faktiki icra göstəricisi ilə müqayisədə isə 15 faiz çoxdur.

Növbəti il dövlət büdcəsinin xərcləri ölkədə kənd təsərrüfatının stimullaşdırılması, son illər ərzində yaradılan və yenidən qurulan təhsil, səhiyyə, sosial, mədəniyyət, idman obyektlərini, eləc də fiziki infrastrukturların saxlanılması ilə bağlı yaranmış öhdəliklərin, dövlətin məşğulluğun səviyyəsinin yüksəldilməsi və əhalinin aztəminatlı təbəqələrinin sosial müdafiəsi, ölkənin milli təhlükəsizliyi və müdafiə qabiliyyətinin gücləndirilməsi ilə bağlı məsələlərin, habelə dövlət borcu və beynəlxalq təşkilatlara üzvlük haqları üçün maliyyə təminatını yaradacaq.

İqtisadiyyat Nazirliyi tərəfindən 2018-ci il və sonrakı üç il üzrə hazırlanan ölkənin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnoz göstəricilərinə əsasən növbəti ildə ölkədə ÜDM-in real ifadədə artımı 1,5 faiz olmaqla, 69,4 milyard manat təşkil edəcək. Qeyri-neft sektorunda ÜDM real ifadədə 2,9 faiz artaraq 47,6 milyard manat olacağı proqnozlaşdırılır. Özəl sektorun ÜDM-də payı 83,0 faiz həcmində nəzərdə tutulur. 2018-ci ildə əsas kapitala yönəldiləcək investisiyaların həcmi 15,9 milyard manat proqnozlaşdırılır ki, bunun da 51,5 faizi daxili investisiyaların, 48,5 faizi isə xarici sərmayələrin payına düşəcək. Ümumi investisiyaların 9,5 milyard manatının qeyri-neft sektoruna, 6,4 milyard manatının isə neft sektoruna yönəldilməsi nəzərdə tutulur. Növbəti ildə orta aylıq əməkhaqqının ötən illə müqayisədə real ifadədə 0,5 faiz artaraq 549,7 manat olacağı planlaşdırılır.

2017-ci ilin ötən dövrü ərzində manatla pul bazası 11 faizdən çox artıb. Qeyri-neft sektorunda isə iqtisadi artım son 10 ayda 2,1 faiz % təşkil edib. Mərkəzi Bankının İdarə Heyətinin sədri Elman Rüstəmov diqqətə çatdırdı ki, Maliyyə Sabitliyi Şurası tərəfindən formalaşdırılan makroiqtisadi sabitlik siyasəti çərçivəsi mühüm siyasət istiqamətlərinin sıx koordinasiyası artıq 2017-ci ilin I rübündə ilk nəticələrin əldə olunmasına və sonrakı dövrdə bunun inkişafına şərait yaradıb. Reallaşdırılan kompleks makroiqtisadi tədbirlər, ilk növbədə monetar və fiskal siyasətin sıx əlaqələndirilməsi, çevik məzənnə rejiminə keçid ölkənin xarici tədiyyə balansının tarazlaşmasına şərait yaradıb. Tədiyyə balansında profisit cari ildə bərpa olunub və bu ilin 9 ayında 1,1 milyard dollarlıq profisit qeydə alınıb. Qeyri-neft ixracının güclənməsi tədiyyə balansına müsbət təsir edir. Belə ki, qeyri-neft ixracı 9 ayda təxminən 31 faiz artıb. Ticarət balansı ilə yanaşı, xidmət balansı üzrə də pozitiv meyllər müşahidə edilir. Turizm xidmətlərində isə artıq müsbət saldo yaranıb.

Büdcə layihəsinə Hesablama Palatası da rəy verib. Palatanın sədri Vüqar Gülməmmədov layihənin büdcə sistemi haqqında qanunvericliyə uyğun hazırlandığını dedi.

Büdcə layihəsinin Milli Məcisdə müzakirəsi davam edir.

AXTARIŞ
HAVA HAQQINDA
Bakı (27.04.2018) :
Aydın Gecə : +9 +11 | Gündüz: +21 +23
MƏZƏNNƏLƏR
Dollar:
Alış: 1.678 | Satış: 1.703

Rubl:
Alış: 0.0253 | Satış: 0.0269

Avro:
Alış: 2.044 | Satış: 2.1174
AzTV TƏQDİM EDİR