Cəmiyyət

“Açıq Hökumət Məlumatları Portalı” yeni versiyada: “www.data.gov.az”

21-11-2017 | 15:50        

  

“Açıq Hökumət Məlumatları Portalı” yeni versiyada təqdim olunub. Dövlət qurumlarının məlumatlarına çıxış imkanları genişləndirilən portalda 650-dən çox məlumat yerləşdirilib.

Bundan sonra hər bir vətəndaş “Açıq Hökumət Məlumatları Portalı”na daxil olmaqla dövlət qurumlarından daha çox məlumat əldə edə biləcək. Əgər bu vaxtadək portalda 25 məlumat yerləşdirilmişdisə, “data.gov.az” saytının yeni versiyasında dövlət qurumlarına aid  654 məlumata çıxış imkanı yaradılıb.

“Açıq Hökumət Məlumatları Portalı”nın təqdimat mərasimində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin müavini Elmir Vəlizadə dedi ki, dövlət orqanları 650-dən çox məlumatı vətəndaşlar üçün açıq edib və bu Elektron hökumət quruculuğunda yeni bur inkişaf mərhələsidir. Bu vaxtadək ayrı-ayrı dövlət qurumlarının saytına daxil olmaqla, məlumat əldə edilirdisə, bundan sonra vahid portal vasitəsi ilə daha asan çıxış imkanı yaradılıb.

Məlumat Hesablama Mərkəzinin şöbə müdiri Cəmşid Naxçıvanski bildirdi ki, portalda təqdim edilən məlumatlar müntəzəm olaraq yenilənəcək.

Açıq Hökumət Məlumatları Portalından istifadə edən vətəndaşlar və biznes strukturları dövlət orqanları tərəfindən təqdim edilən bütün məlumatlardan asanlıqla yararlana biləcəklər.